Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanda aparılan işlər çox yüksək qiymətə layiqdir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin ”.
Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Yaşayış məntəqələrində həyata keçirilən tədbirlər həm də əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının və insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Bu il Culfa rayonunun Qazançı kəndində də müasir infrastruktur yaradılmış, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur.
Qazançı kənd tam orta məktəbinin binası istifadəyə verilmişdir
Noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək demişdir ki,muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş Qazançı kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin son beş ildə nəticələri uğurlu olmuş, 26 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Yeni məktəb binasında yaradılan müasir şərait tədrisin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Gültəkin Əliyeva kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, gənc nəslin layiqli vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə bütün sahələrlə yanaşı, məktəb işi də diqqət mərkəzindədir. Şagirdlərin ölkəmizin gələcəyinə hazırlanması sahəsində tədbirlər görülür, yeni məktəb binaları tikilir, maddi-texniki baza gücləndirilir, tədris prosesində yeni texnologiyalar tətbiq olunur. Məktəb işi sadəcə şagirdlərə təhsil verməkdən ibarət deyil. Məktəb hər bir ölkənin gələcəyini hazırlayır. Sağlam gələcək hazırlamaq üçünsə, məktəbdə lazımi şərait yaradılmalı, müəllimlər gəncləri əsl vətəndaş kimi yetişdirməlidirlər.