Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Bekir Pakdemirlini kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onun ilk dəfə nazir kimi Azərbaycana səfərindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.
Söhbət zamanı kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının dekabrın 11-də Bakıda birgə biznes forumunun keçiriləcəyi və bunun əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi qəbul edib.
AZƏRTAC