Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası (bundan sonra - Şura) qanunvericiliyə uyğun olaraq muxtar respublikada dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir.
1.2. Şura Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 8 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir.
1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şura öz fəaliyyətini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə qarşılıqlı əlaqədə qurur və mütəmadi olaraq özünün fəaliyyəti haqqında məlumatlandırır.
2. Şuranın əsas funksiyaları
2.1. Şura aşağıdakı əsas funksiyaları həyata keçirir:
2.1.1. muxtar respublikada dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak etmək;
2.1.2. muxtar respublikanın dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil etmək;
2.1.3. dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işini həyata keçirmək;
2.1.4. dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlamaq və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək;
2.1.5. dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işini əlaqələndirmək;
2.1.6. dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işləri təhlil etmək və bununla bağlı təkliflər hazırlamaq;
2.1.7. dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət etmək.
3. Şuranın fəaliyyətinin təmin edilməsi
3.1. Öz funksiyalarını həyata keçirmək məqsədi ilə Şura:
3.1.1. müvafiq dövlət hakimiyyəti orqanlarından zəruri materialları sorğu edir və alır;
3.1.2. dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlayır, müvafiq dövlət hakimiyyəti orqanlarının nümayəndələrini və mütəxəssisləri bu işə cəlb edir;
3.1.3. dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil edir;
3.1.4. əmək qanunvericiliyinin və dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, o cümlədən əmək intizamının pozulması və əmək mübahisələri ilə bağlı vəziyyəti öyrənir və ümumiləşdirir;
3.1.5. dövlət qulluqçularının fəaliyyətinin səmərəliliyinin artırılması yollarını araşdırır və bununla bağlı tədbirlər (təkliflər) hazırlayır;
3.1.6. qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularının şikayətlərinə baxır.
3.2. Şuranın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Şuranın sədri həyata keçirir. Şuranın sədri onun tərkibindən Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
3.3. Şuranın iclasları mütəmadi olaraq keçirilir. Zərurət olduqda Şuranın fövqəladə iclasları çağırıla bilər. Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın müzakirə etdiyi məsələlərə dair qərarları Şuranın iclasında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı xüsusi rəyi olan Şuranın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.
3.4. Şura özünün Reqlamentini təsdiq edir.
3.5. Şuranın qəbul etdiyi qərarlar dövlət qulluqçuları üçün məcburidir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 6 dekabr 2018-ci il