Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistan Respublikası ilə əməkdaşlığın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini qeyd edib. Prezident İlham Əliyev Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin və Çeçenistan Respublikası ilə əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişafa nail olunduğunu, dini icmalar, o cümlədən müsəlmanlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şərəfinə nahar verilib.
AZƏRTAC