Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bizim münasibətlər bir çox sahələri əhatə edir. Biz siyasi müstəvidə fəal qarşılıqlı fəaliyyət göstəririk. Qarşılıqlı etimadın səviyyəsi o qədər yüksəkdir ki, biz ikitərəfli, regional, beynəlxalq gündəliyin bütün məsələlərini müzakirə edirik. İqtisadi sahədə yaxşı göstəricilər görürük. Əmtəə dövriyyəsinin artımı buna yaxşı nümunədir. Həmçinin artıq Belarusun Azərbaycanda, Azərbaycanın isə Belarusda ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Fikrimcə, sənaye kooperasiyası müstəsna səmərəlilik nümayiş etdirir. Aleksandr Qriqoryeviçlə nəzərdə tutduğumuz layihələr gerçəkləşdirilib.
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç vurğulayıb ki, biz Sizin Belarusa səfərinizə çox ciddi hazırlaşırıq. Mən düşünürəm ki, artıq imzalanmağa hazır olan razılaşmalar və layihələr əməkdaşlığımıza daha yeni dinamika verəcək. Belarus və Azərbaycan qarşılıqlı əməkdaşlıq üçün açıqdırlar. Mən məmnuniyyətlə qeyd edə bilərəm ki, həm Siz, cənab Prezident, həm də Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko həmişə həm ikitərəfli, həm də çoxtərəfli formatdakı əməkdaşlığımızın konstruktiv təmələ əsaslanmasını və bir-birinə və hər hansı digər ölkələrə, bloklara qarşı yönəlməməsini əldə rəhbər tutursunuz.
AZƏRTAC