İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və təşkilat komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxmışlar.
Sərgidə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” gümüşdən hazırlanmış loqotipi, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, "Naxçıvan türbələri", "Naxçıvan hamamları", "Naxçıvan buzxanaları", "Qədim və müasir Naxçıvan" kitabları, "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" loqotipinin tanıtım video-çarxı, "Naxçıvan: türk-islam mədəniyyəti abidələri" televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş olunurdu.