İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd olunub ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib.
Dövlətimizin başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış olub. Bildirilib ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.
“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
AZƏRTAC