Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, binanın inşasına 2016-cı ilin iyununda başlanıb, bu ilin mayında isə başa çatdırılıb. Yeni binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Partiyanın yeni binası indi paytaxtımızın müasir və memarlıq baxımından gözoxşayan ən yaraşıqlı binalarından biridir.
Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.
Yeni Azərbaycan Partiyasının yeni binasında Heydər Əliyev Muzeyi yaradılıb.
Prezident İlham Əliyev binada yaradılan şəraitlə yaxından tanış olub.
AZƏRTAC