Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına raport verib.
Bildirilib ki, hərbi hissənin inşasına 2017-ci ilin mayında başlanılıb. Ümumi ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları, maşınlar üçün qaraj, nəzarət-buraxılış məntəqəsi, nəzarət qüllələri quraşdırılıb.
Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Bu cür müasir qərargah binalarının yaradılması hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimizin atdığı mühüm addımların ardıcıl olduğunu bir daha göstərir.
Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə də tanış olub.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına və döyüş texnikası parkında hərbi texnikaya baxıb.
AZƏRTAC