09 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair
2018-2022-ci illər üçün Dövlət Proqramı

1. Giriş

Son illər ərzində Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində uşaqların sağlamlığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına imkan vermişdir.
Hər il muxtar respublikada uşaq əhalisi tibbi müayinədən keçirilmiş, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınmış, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində aparılan tədbirlərin davamı olaraq Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi­-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə, kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmə­rəliliyinin artırılmasını nəzərdə tutur.

 2. Dövlət Proqramının məqsədi

2.1. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.
2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
2.2.1. tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;
2.2.2. dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi;
2.2.3. uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi;
2.2.4. uşaqların dispanserizasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması;
2.2.5. uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədi ilə aparılan maarifləndirmə işinin gücləndirilməsi.

3. Dövlət Proqramının maliyyələşdirilməsi

3.1. Dövlət Proqramının icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

4. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

4.1. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
4.1.1. uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi;
4.1.2. uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması;
4.1.3. dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsi;
4.1.4. uşaq ölümünün azaldılması;
4.1.5. uşaqların sağlam həyat tərzi istiqamətində maarifləndirilməsi;
4.1.6. uşaqların dispanserizasiyasının əhəmiyyəti barədə əhalinin məlumatlandırılması.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR