Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar.”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilər Muzeyi də Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm xidmətləri olan Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahtaxtinskilər Muzeyində olmuş, aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, muzeyin ekspozisiya zalı tamamilə yenidən qurulmuş, fond otağı yaradılmış, eksponatların ayrı-ayrı güşələr üzrə nümayişi təmin edilmişdir. Muzeyin güşələrində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna
xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinskinin, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlının, Azərbaycan Xalq Cümhuriyyətinin maarif naziri, Azərbaycan parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinskinin, görkəmli rəssam Elmira Şahtaxtinskinin həyat və fəaliyyətini özündə əks etdirən məlumatlar, arxiv materialları, bu nəslin görkəmli nümayəndələrinin kitabları, eləcə də rəsm əsərləri toplanmışdır.
Muzeydə diplomat Aleksis Şahtaxtinskiyə həsr olunmuş qəzet materialları və fotoşəkillər, Şahtaxtı kəndinin görkəmli nümayəndələrindən olan İsa Sultan Şahtaxtinski, Toğrul Şahtaxtinski, Məhəmmədəmin Şahtaxtinski, Əbülfət ağa Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Həbibullah Şahtaxtinski və Ətaulla Şahtaxtinski haqqında məlumatlar da yerləşdirilmişdir. Həmçinin ekspozisiyada Şahtaxtinskilərə həsr olunmuş televiziya filmləri, Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi ilə bağlı hazırlanmış poçt markaları və zərflər nümayiş olunur.
Ali Məclisin Sədri Şahtaxtinskilər nəslinin Azərbaycan tarixində mühüm xidmətləri olduğunu diqqətə çatdırmış, Şahtaxtinskilər Muzeyinin yeni eksponatlarla zənginləşdirilməsi və "Muzey günləri" qrafikinə daxil edilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti