Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.
Baş nazirin müavini Alişer Sultanov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. O bildirib ki, Özbəkistan Prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işləri aparılır. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan Alişer Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan Prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.
AZƏRTAC