Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Prezident İlham Əliyev deyib ki, sizin səfəriniz bizim münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir. Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi olaraq görüşürlər. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də FIFA-nın prezidenti Gianni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.
Gianni İnfantino FIFA-nın xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim edib.
AZƏRTAC