Muxtar respublikada payız iməcilikləri dövründə əkinçilik üçün əlverişli olmayan torpaq sahələrində yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır.
Noyabrın 25-də Naxçıvanda növbəti iməcilik keçirilmiş, yerli meyvə sortlarından ibarət meyvə bağları salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik iştirakçıları 4 hektar ərazidə 2100 ədəd badam və digər meyvə tingləri əkmiş, müvafiq aqrotexniki tədbirlər və suvarma işləri görmüşlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yeni tinglər əkmişdir.
Həmin gün muxtar respublika ərazisində keçirilən iməciliklərdə 5560 meyvə tingi, 7660 üzüm və 4300 gül kolu əkilmiş, ümumilikdə 10 hektardan artıq sahədə yeni meyvə və 4 hektar sahədə üzüm bağları salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti