Ordubad rayonunun Üstüpü kəndində geniş quruculuq işləri aparılıb
1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən 25 ildə ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilmişdir. Partiyanın proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarmışdır. Yeni Azərbaycan Partiyasının təməlində duran inkişaf, sabitlik və yüksək rifah prinsiplərinin muxtar respublikada əməli surətdə həyata keçirilməsi nəticəsində sosial-iqtisadi inkişaf təmin edilmiş, genişmiqyaslı quruculuq işlərinin əsası qoyulmuş, yaşayış məntəqələri yeni görkəm almış, ən ucqar dağ kəndlərində belə müasir infrastruktur yaradılmışdır.
Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümündə Ordubad rayonunun Üstüpü kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Üstüpü kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur
Noyabrın 21-də Üstüpü kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 340 yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 2-si elektron lövhəli olmaqla 16 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. Məktəbin kitabxana fondunda 1852-si dərslik və 3050-si bədii ədəbiyyat olmaqla 4900-dən çox kitab vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır. Kompüter otağında isə 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbdə hərbi dərslərin tədrisi üçün bütün imkanlar yaradılmışdır.
Məktəbdə tədrisin səviyyəsi ilə tanışlıq zamanı qeyd olundu ki, 2017-2018-ci tədris ilində Üstüpü kənd tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunub. Məktəbəqədər hazırlıq qrupunda isə 13 şagird vardır.
Məktəbəqədər hazırlıq qrupunun şagirdi, 5 yaşlı Bəkir Nəcəfli Ali Məclisin Sədrinə minnətdarlıq edərək dedi: "Hörmətli Sədr! Kəndimizə gəlişiniz biz uşaqları sevindirir. Çünki bizim üçün müasir məktəb binası istifadəyə verilir. Qürur duyuruq ki, gələcəkdə bu məktəbdə təhsil alacağıq. Söz veririk ki, müstəqil Azərbaycan üçün layiqli övladlar olacağıq. Yaşasın Müstəqil Azərbaycan!"
Elektron lövhəli sinifdə muxtar respublikanın 220 təhsil müəssisəsi ilə Heydər Əliyev Muzeyi arasında "Heydər Əliyev yeni Azərbaycanın qurucusudur" mövzusunda keçirilən distant dərs izlənilmişdir.
Ali Məclisin Sədri müəllimlərlə görüşmüş, onları yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Çünki Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Eyni zamanda Üstüpü kəndinin həyatında da əlamətdar gündür. Aparılan geniş quruculuq işlərindən sonra kənddə məktəb binası, həkim ambulatoriyası, müasir yol, kənd və xidmət mərkəzləri istifadəyə verilir.
Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü və yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Məktəb işi hər bir ölkə üçün ən vacib sahədir. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Ölkənin təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”. Yeni məktəb binalarının tikilməsi, müasir tədris şəraitinin yaradılması bu gün qarşıda duran əsas vəzifədir. Üstüpü kənd tam orta məktəbi üçün də müasir tədris şəraiti yaradılıb. Bütün bunlar imkan verəcəkdir ki, məktəbi bitirən gənclər ölkəmizdə və dünyanın qabaqcıl universitetlərində ali təhsillərini davam etdirə bilsinlər. Müasir tədris imkanlarına malik məktəb binalarının istifadəyə verilməsi, müəllim tələbkarlığı və şagird çalışqanlığı təhsildə uğur qazanmağın başlıca şərtləridir. Ötən tədris ilində Üstüpü kənd tam orta məktəbini bitirən məzunlardan 4-ü ali məktəblərə, 2-si orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi liseyə qəbul olunub. Bütün bunlar məktəbdə tədrisin düzgün təşkilinin nəticəsidir. Kollektiv yaradılan şəraitdən istifadə edərək nailiyyətləri daha da artırmalı, məktəbdə gələcəyimizin təminatçıları olan əsl vətəndaşlar yetişdirilməlidir. Məktəbi bitirən hər bir gənc özünə həyat yolu seçməli, bir peşə öyrənməlidir. Peşə sahibi olan gənc həyatda uğur qazanmaqla yanaşı, həm də ölkəsi üçün yararlı vətəndaş olur.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Məktəbin müəllimi Səmirə Əliyeva minnətdarlıq edərək demişdir: Naxçıvanda təhsilə göstərilən diqqət bütün müəllimlər tərəfindən razılıqla qarşılanır. Bu tədris ilində Payız, Qarahəsənli, Ələkli və bu gün də Üstüpü kəndində müasir məktəb binasının istifadəyə verilməsi etibarlı gələcəyimizin təminatına hesablanıb. Həmçinin elektron lövhəli, kompüterlə təchiz olunan, ən müasir tədris şəraiti yaradılan məktəb binasının istifadəyə verilməsi kollektivdə bayram sevinci yaradıb. Müəllimlər bu qayğının müqabilində daha səylə çalışacaq, milli köklərə bağlı, geniş dünyagörüşlü, savadlı və vətənpərvər gənclərin yetişdirilməsində bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Məzrə kəndindən olan uşaqların məktəbə rahat gəlişini təmin etmək üçün məktəbə yeni xidməti avtomobil təqdim olunmuşdur.
Məktəb binasının həyətində açıq idman qurğuları istifadəyə verilmiş, yaşıllıqlar salınmışdır.
Üstüpü kənd həkim ambulatoriyası istifadəyə verilib
Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi yaxşılaşdırılır. Müasir tibb ocaqlarının istifadəyə verilməsi, xüsusilə kəndlərdə tikilən həkim ambulatoriyaları insanların hərtərəfli səhiyyə xidməti ilə təmin olunmasına imkan verir.
Noyabrın 21-də Üstüpü Kənd Həkim ambulatoriyasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, ambulatoriyada 8 otaq - baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat otağı və aptek yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop və digər tibbi avadanlıqlar qoyulmuş, fizioterapiya kabinəsi yaradılmışdır. Kabinədə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və "SOLYUKS" lampası vardır. Müasir tibbi avadanlıqlar səhiyyə xidmətinin nümunəvi təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri kənddə tibbi xidmətin təşkili və insanların sağlamlığının qorunması sahəsində görülən işlərin əhəmiyyətini qeyd etmiş, ambulatoriyaların və feldşer-mama məntəqələrinin ixtisaslı kadrlarla təminatı, peyvəndlərin vaxtlı-vaxtında vurulması, hamilə qadınlara patronaj xidmətinin göstərilməsi, gigiyenik qaydalara əməl edilməsi və səhiyyə maarifi işinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Üstüpü Kənd Mərkəzinin açılışı olub
Həmin gün Üstüpüdə yeni kənd mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 3 mərtəbəli kənd mərkəzində dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılmış, iş otaqları istifadəyə verilmişdir. Binada rabitə evi, polis sahə məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, statistika otağı və 74 yerlik zal yerləşir. Kitabxanada 7462 kitab vardır. Onlardan 1405-i latın, 6057-si isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Fond yeni nəşrlər hesabına daim zənginləşdirilir.
Yeni Azərbaycan Partiyası Üstüpü kənd ərazi ilk təşkilatının 158 üzvü vardır. Hazırda partiya üzvlərindən 39-u gənc, 67-si isə qadınlardır.
Rabitə evində quraşdırılan 384 yerlik ATS keyfiyyətli rabitə xidmətinin göstərilməsinə və sürətli internetdən istifadəyə imkan verir. Hazırda kənddə 317 telefon və 48 internet istifadəçisi vardır. Burada yeni poçt bölməsi də yaradılmış, dövri mətbuatın, internet və danışıq kartlarının satışı təşkil olunmuş, POSTterminal qoyulmuş, ödənişlərin qəbulu təmin edilmişdir.
Üstüpü və Düylün kəndlərində yeni xidmət obyektləri
fəaliyyətə başlamışdır
Üstüpü və Düylün kəndlərində əhalinin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzləri də tikilmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzlərində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yerləşir. Yeni mərkəzlərdə 10 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri xidmət mərkəzlərində ailə təsərrüfatlarında istehsal olunan müxtəlif məhsulların satışına üstünlük verilməsini tapşırmışdır.
Xidmət mərkəzində işlə təmin olunan dərzi Mərdan Məmmədov sadə peşə adamları üçün yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu
istifadəyə verilmişdir
Muxtar respublikanın dağ kəndlərində müasir yol infrastrukturunun yaradılması yaşayış məntəqələrinin inkişafına mühüm töhfədir. İnsanların və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin olunması həm də kəndlərin turizm potensialını xeyli artırmışdır.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq noyabrın 21-də Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş, görülən tikinti işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, yenidən qurulan yolun uzunluğu 20 kilometrdir. Yol genişləndirilərək asfalt örtük salınmışdır. Yolun üzərində 217 su keçidi qoyulmuş, 701 metr istinad divarı tikilmiş, 8 körpü əsaslı təmir edilmiş, 1300 metr qoruyucu çəpər, 3512 metr beton kanal çəkilmişdir. Bundan başqa Üstüpü kəndində 3500 metr yol hamarlanaraq qum-çınqıl qatı verilmiş, 2 su keçidi qoyulmuş, 267 metr sahilbərkitmə işləri aparılmışdır. Yolboyu yol-hərəkət nişanları quraşdırılmış, kəndlərdə piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır
Yolda görülən işlərlə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Ali Məclisin Sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi və Üstüpünün abad kəndlərin sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər bütün yaşayış məntəqələrinin, eləcə də kəndlərin simasını dəyişir, insanların yaşayış səviyyəsini yaxşılaşdırır. Hər bir yaşayış məntəqəsinin abadlaşması ümumilikdə ölkəmizin inkişafı deməkdir. Bütün bu tədbirlər ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin bəhrələridir. Bu gün Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 25-ci ildönümüdür. Ötən dövrdə Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafını təmin etmişdir. Üstüpü kəndində görülən quruculuq işləri, istifadəyə verilən yeni sosial obyektlər də bu inkişafın bir kəndin timsalında göstəricisidir.
Ali Məclisin Sədri demişdir: Bu gün Üstüpü kəndi tamamilə müasirləşmişdir. Kənddə müasir tədrisin tələblərinə uyğun məktəb binası, dövlət qurumlarının səmərəli fəaliyyəti üçün kənd mərkəzi, insanların tələbatını ödəyəcək həkim ambulatoriyası, xidmət mərkəzi qurulub, kənd sürətli internetlə təmin edilib. 20 kilometrlik Üstüpü kənd avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılmış 6,1 milyon manat vəsaitin hesabına çəkilib.
Ali Məclisin Sədri kənddə tikinti işlərinin keyfiyyətlə aparıldığını bildirmiş, bu münasibətlə muxtar respublikada tikinti sahəsində çalışanlara təşəkkür etmişdir.
Qeyd olunmuşdur ki, kənddə yaradılan bu şərait insanların rahat yaşayışına xidmət edir. Vaxtilə kəndin yol problemləri vardı. İnsanlar mərkəzlə əlaqə saxlamaqda çətinliklər çəkirdi. Uşaqlar lazımi şəraiti olmayan məktəbdə təhsil alırdı. Xidmət sahələri səmərəli fəaliyyət göstərmirdi. Lakin bu gün qeyd olunan problemlərin hər biri həll olunub, kənddə yeni xidmət sahələri yaradılıb, iş yerləri açılıb. Sakinlər də yaradılan bu şəraitdən səmərəli istifadə edərək ölkəmizin inkişafına töhfə verməli, torpaqlar əkilməli, tikilənlər-qurulanlar qorunub saxlanılmalıdır.
Ali Məclisin Sədri ölkəmizin siyasi və ictimai həyatında mühüm yeri olan yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25-ci ildönümü və kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik etmişdir.
Kənd ağsaqqalı Məhəmməd Əsədov çıxış edərək demişdir: Bu il aparılan quruculuq işləri Üstüpü kəndinə yenilik və inkişaf bəxş edib. Kəndə yol çəkilib, məktəb binası tikilib, sakinlərin rahat yaşaması üçün bütün tədbirlər görülüb. Üstüpü bu gün qəsəbəyə çevrilib. Kəndin siması kökündən dəyişilib. Sakinlər bu işlərlə fəxr edir. Məhəmməd Əsədov bütün kənd sakinləri adından minnətdarlıq etmişdir.
Üstüpü kəndinin yetirməsi, ziyalı Yusif Babanlı minnətdarlıq edərək demişdir: Üstüpü kəndində yeni sosial obyektlərin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümündə istifadəyə verilməsi kəndin həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafını təmin edib. Bu gün ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanın nail olduğu inkişafın ən bariz nümunəsi müasir Naxçıvandır. Fəxr edirik ki, muxtar respublikada aparılan geniş quruculuq işləri, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlər Üstüpü kəndini də əhatə edib.
Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirmişdir.
* * *
Üstüpü kəndində abadlıq işləri də görülmüş, 1200 metr fiber-optik kabel, 2700 metr rabitə, 1770 metr elektrik və 550 metrlik qaz xətti çəkilmiş, 9350 metr qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Həmçinin kənddə əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə 2000 metr müxtəlif diametrli içməli su xətti də çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti