Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Ümumi müzakirələrin açılışında çıxış edən BMT-nin Baş katibi Antonio Quttereş hazırda dünyada bir çox problemlərin olduğunu vurğulayıb, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirib. BMT-nin Baş katibi əminliyini ifadə edib ki, yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etmək mümkündür.
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan vurduğunu deyib.
Sonra Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşüb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxunub. ABŞ Prezidenti deyib ki, biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq.
AZƏRTAC