Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün komitə əməkdaşları üçün əlamətdar gündür. Ona görə ki, yaxşı iş şəraiti yaxşı əhval-ruhiyyə və keyfiyyətli iş deməkdir. Hər bir müstəqil ölkədə dövlət idarəetməsi müxtəlif strukturlar tərəfindən həyata keçirir. Düzgün idarəetmə isə o ölkədə mümkün olur ki, həmin ölkədə inkişaf və sabitlik təmin edilsin. Müstəqil Azərbaycan dövləti də dünya ölkələri sırasında öz layiqli yerini tutub, düzgün idarəetmə sistemi yaradılıb, sabitlik və hərtərəfli inkişaf təmin edilib. Çünki Azərbaycanda müstəqilliyin və dövlətçiliyin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti bu yolu uğurla davam etdirir.
Ali Məclisin Sədri demişdir: Ölkəmiz üçün vacib strukturlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Komitə fəaliyyətini üç istiqamətdə – standartlaşdırma, metrologiya və patent sahələri üzrə həyata keçirir. Standartlaşdırma sahəsində fəaliyyət məhsulların istehsalı, daşınması, satışı, xidmətlərin göstərilməsi zamanı standartların gözlənilməsinə dövlət nəzarətinin həyata keçirilməsindən, eləcə də məhsulların standartlara uyğunluğuna dair sertifikatların verilməsindən ibarətdir. Metrologiya sahəsində dövlət metroloji nəzarətinin həyata keçirilməsi, ölçmə vasitələrinin dövlət sınaqlarının aparılması, patent sahəsində isə əmtəə nişanları, coğrafi göstəricilər, ixtira, faydalı model, sənaye nümunələrinə patent və şəhadətnamələrin verilməsi əsas fəaliyyət istiqamətləridir.
Ali Məclisin Sədri qarşıda duran vəzifələrdən danışaraq demişdir: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daxili bazarı qorumalı, aid təşkilatlarla birlikdə keyfiyyətsiz və ya saxtalaşdırılmış məhsulların istehsalı, satışı və idxalına yol verməməlidir. İstehsal olunan yerli məhsulların ixracını stimullaşdırmaq məqsədilə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunluğu diqqət mərkəzində saxlanılmalı, istifadə olunan ölçmə vasitələrinin dəqiqliyinə nəzarət edilməli, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsinə nail olunmalıdır. Həmçinin komitə qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətini təmin etməli, patent fondunun komplektləşdirilməsini, əmtəə nişanlarının, coğrafi göstəricilərin, elmi-texniki nailiyyətlərin, yeni texnologiya və avadanlıqların qeydə alınmasını, hüquqi mühafizəsi və onlardan istifadə sahəsində səlahiyyətinə aid edilmiş vəzifələrin icrasını davam etdirməlidir.
Qeyd olunmuşdur ki, sınaq laboratoriyalarının qanunvericiliyə uyğun fəaliyyət göstərmələrinə diqqət artırılmalı, məhsulların və ya xidmətlərin təhlükəsizliyi və keyfiyyəti, eləcə də ölçmələrin dəqiqliyi haqqında istehlakçıların məlumatlandırılması təmin edilməlidir. Bundan başqa, istehsal və xidmət sahələrində, iaşə obyektlərində, uşaq bağçalarında və məktəb yeməkxanalarında standartların gözlənilməsi ilə bağlı monitorinqlər davam etdirilməli, yaradılanlar qorunmalı, kollektiv həvalə olunmuş vəzifələrin icrasında səyini artırmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında komitə əməkdaşlarına uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış edərək demişdir ki, muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi üzrə tədbirlər uğurla həyata keçirilir. Sakinlərin keyfiyyətli məhsul və xidmətlərə çıxış və seçim imkanlarının yaxşılaşdırılmasına dair verilmiş tapşırıqlara uyğun olaraq istehsal və idxal olunan məhsulların sertifikatlaşdırılması prosesi, patentlərin beynəlxalq mühafizəsi və istehlak bazarında keyfiyyətə nəzarət işi müasir standartlara uyğun aparılır. Komitənin ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bəxtiyar İsmayılov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmiş, fəaliyyətin səmərəli təşkili üçün daha səylə çalışacaqlarını bildirmişdir.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 56 iş otağı, akt zalı, 2 laboratoriya, reyestr və kadastr saxlama otağı, kitabxana, arxiv, təlim-treninq otağı, ölçmə vasitələrini yoxlama otaqları, standartlar üzrə informasiya otağı, standart və patent fondu, eləcə də mətbəə və yeməkxana yerləşir. Laboratoriyalarda elektrik, təbii qaz və su sayğaclarının yoxlanılması, eləcə də təzyiq, temperatur, çəki və həcm ölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıqlar quraşdırılmışdır.
Binada əsas və ehtiyat server, 12 dəst kompüter, 14 çap qurğusu, 2 videoproyektor və 1 elektron lövhə quraşdırılmışdır. Xidməti işin səmərəliyini və operativliyini yüksəltmək üçün yeni Elektron Sənəd Dövriyyəsi Sistemi və daxili şəbəkə istifadəyə verilmişdir. Təhlükəsizlik normalarına uyğun olaraq inzibati binanın yaxınlığında məişət qaz avadanlıqlarının sınaq laboratoriyası yaradılmış, laboratoriya yeni qaz analizatorları və qaz detektorları ilə təmin edilmişdir. Sifarişçilərin yoxlamaya təqdim etdiyi ölçmə vasitələrinin ilkin mərhələdə saxlanılması üçün ərazidə yarımqapalı yerlər hazırlanmış, avadanlıqların binaya daşınması üçün 3 yeni forkliftlər alınmışdır. Binanın həyətində abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmış, 15 yerlik avtomobil dayanacağı tikilmişdir.
Ali Məclisin Sədri istehsal müəssisələrində və xidmət sahələrində maarifləndirmə və izahat işlərinin davam etdirilməsi, səmərələşdirici təkliflərin hazırlanması və patentlərin verilməsi sahəsində fəaliyyətin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti