10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikasının təbii-iqlim şəraiti üzümçülüyün inkişaf etdirilərək istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli və yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Hazırda iqtisadi səmərəlilik baxımından gəlirli sahələrdən olan üzümçülüyün inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ölkəmizdə və muxtar respublikada qəbul edilən dövlət proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlər yeni üzümçülük təsərrüfatlarının yaradılmasına və üzümçülüklə məşğul olan sahibkarların sayının artmasına səbəb olmuşdur. 

Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatına baxmışdır. 

 Məlumat verilmişdir ki, üzümçülük təsərrüfatının yaradılmasına 2015-ci ildə başlanmışdır. Ərazidə yerli sortlarla yanaşı, İtaliya, Fransa, Türkiyə və Özbəkistan mənşəli 10 məhsuldar üzüm sortu əkilmişdir. 150 hektar ərazidə ümumilikdə 326 mindən artıq üzüm tingi əkilmiş, ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmaqla lazımi aqrotexniki tədbirlər həyata keçirilmişdir. İstehsal prosesində innovativ texnologiyalar tətbiq olunur. 

Becərmə və yığım işlərini aparmaq üçün xüsusi texnikalar alınmış, ərazidə inzibati və yardımçı binalar, nasos stansiyası tikilmiş, 50 kilometrdən artıq damcılı suvarma şəbəkəsi qurulmuşdur. Gələcəkdə ərazidə soyuducu anbarın inşa olunması da nəzərdə tutulmuşdur. Bütün bunlar isə daxili bazarın tələbatını ödəyən və yüksək ixrac potensialına malik keyfiyyətli məhsul istehsalına imkan verəcəkdir. 

Təsərrüfatın ərazisində üzümlə yanaşı, digər meyvələrin əkininə də diqqət yetirilir. Hazırda 25 hektar sahədə 50 mindən artıq məhsuldar alma tingləri əkilmişdir. Nehrəm Üzümçülük Təsərrüfatında 140 kənd sakini işlə təmin olunmuşdur. 

Ali Məclisin Sədri kənd təsərrüfatının inkişafında rentabelli işləyən təsərrüfatların yaradılmasının əhəmiyyətini vurğulamış, üzümçülük təsərrüfatının yaradılmasında əməyi olanlara təşəkkür etmiş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR