10 Yanvar 2025, Cümə

Sentyabrın 18-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Milli Musiqi Günü" münasibətilə tədbir keçirilib. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. 

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə Əsgərov Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu və Həsənova Qəribə İbrahim qızı Naxçıvan Muxtar Respublikasının "Əməkdar artisti" fəxri adı ilə təltif olunublar.

 Ali Məclisin Sədri təltif olunanlara Naxçıvan Muxtar Respublikasının "Əməkdar artisti" fəxri adının döş nişanını və vəsiqəsini təqdim edib.

 Təltif olunanlar əməklərinə verilən qiymətə görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikada mədəniyyətin, eləcə də musiqi sənətinin inkişafında səylərini əsirgəməyəcəklərini bildiriblər. 

 Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə  imzaladığı Fərmana əsasən hər il ölkəmizdə Şərqdə ilk musiqili teatr sənətinin banisi, Azərbaycan musiqisinin klassiki, görkəmli alim-musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü - 18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunur. Novator sənətkar olan Üzeyir Hacıbəyov Azərbaycan klassik musiqisinin bütün janrlarının bünövrəsini qoymuşdur. Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunub. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəs­təkarlar Təşkilatının və Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür, yaradıcı kollektivlərin xarici ölkələrə qastrol səfərləri təşkil edilir. Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə etmişdir. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir.

 Qeyd olunmuşdur ki, uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respub­likası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallı­lar, xalq rəqsləri, toy adətlərinin tədqiqinə və təbliğinə başlanmışdır. Natəvan Qədimova muxtar respublikada musiqinin və mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və rəqs qrupunun ifasında konsert olmuşdur.

 Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, baletmeyster Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur. Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Ramiz Mirişlinin, dünya musiqisinin korifeylərindən Volfhanq Amadey Motsartın, İohan Bramsın,  Antonio Vivaldinin, İohan Ştrausun, Karlos Qardelin əsərlərindən parçalar, eləcə də xalq mahnıları səslənmiş, milli musiqi alətimiz balabanda Azərbaycan xalq mahnısı "Sarı gəlin" ifa olunmuşdur. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın,  Mübariz Əsgərovun, Vilayət İsmayılovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun çıxışları alqışlarla qarşılanmış, rəqs qrupu milli və dünya rəqs nümunələrini məharətlə ifa etmişdir. 

Ali Məclisin Sədri konsertdən sonra səhnə arxasına keçərək ifaçılarla görüşmüş, onları "Milli Musiqi Günü" və uğurlu çıxışlarına görə təbrik edərək demişdir: Bugünkü uğurlu konsert proqramı bir daha göstərdi ki, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri bütün səhnələrdə çıxış etməyə qadirdir. Son illər Naxçıvan musiqi həyatında böyük uğurlar qazanılıb, orkestrlər yaranıb, dəyərli musiqiçilər yetişib. Bütün bunlar yaradılan şəraitin nəticəsində mümkün olmuşdur. Muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə kadr hazırlığı təmin edilmişdir. Kəndlərdə fəaliyyət göstərən musiqi məktəbləri, dərnəklər, Naxçıvan Dövlət Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin Konservatoriyası muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişməsinə, musiqi mədəniyyətinin inkişafına və milli musiqimizin yaşadılmasına xidmət edir. Musiqinin sərhədi və milləti yoxdur. Bu gün Üzeyir Hacıbəyovun əsərləri hansı ölkədə ifa olunsa, ölkəmizdəki qədər seviləcəkdir. Eyni zamanda Bethovenin, Motsartın əsərləri bütün dünya ölkələrində səhnələri fəth edir. Bugünkü konsertdə də həm xalq yaradıcılığı nümunələri, həm də görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu. 

Ali Məclisin Sədri demişdir: Milli musiqi o yerdə inkişaf edir ki, onun kökü olsun. Xalq isə o zaman milli musiqisi ilə fəxr edir ki, onun musiqi sənəti qədim xalq yaradıcılığı nümunələrinə, xalq musiqisinə əsaslansın. Çünki hər bir xalqın varlığı həm də onun xalq yaradıcılığında, xalq musiqisində yaşayır. Bu gün Gəmiqaya abidələrində həkk olunan qədim yallı nümunələri milli musiqimizin minillik inkişaf tarixindən xəbər verir.

 Ali Məclisin Sədri muxtar respublikada istedadlı musiqiçilərin yetişməsinin və uğurlu konsertlərin təşkilinin fəxr doğurduğunu bildirmiş, orkestrin bədii rəhbərinə və bütün kollektivə təşəkkür etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır. 

Sonra xatirə şəkli çəkdirilmişdir.  

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR