Avqustun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.
Bildirilib ki, bu yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyunca salınıb. Yolun uzunluğu 13,5 kilometrdir. Layihəyə uyğun olaraq ikizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Sahil boyunca bəzi ərazilərdə mövcud yolun eni genişləndirilib. Yolun həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissələrində eni 3-4 metrdən 9 metrə çatdırılıb.
Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti yeni yolda avtomobili idarə edib.
Sonra dövlətimizin başçısı yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Hər iki avtomobil yolunun açılışından sonra xatirə şəkilləri çəkdirilib.
AZƏRTAC