Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin əsaslı təmir edilən və yenidən qurulan mövcud binasında, həmçinin yeni tikilən korpusunda yaradılan şəraitlə tanış olub.
Yeni korpusda görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Yeni korpus Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var.
AZƏRTAC