Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.
Dövlətimizin başçısına “Embraer 190” təyyarəsi barədə məlumat verilib. Bildirilib ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir. “Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək. Sentyabrın 1-dən etibarən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlamasıyla Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq. Bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avro təşkil edir.
Yaxın günlərdə şirkətin daha bir yeni “Embraer 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Ümumilikdə isə aviaşirkətin hava gəmiləri parkındakı “Embraer 190” təyyarələrinin sayı 8-ə çatdırılacaq. Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə dünyanın müxtəlif şəhərlərinə səyahət etməsinə imkan yaratmaqla yanaşı, Azərbaycana turist axınının artmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək.
AZƏRTAC