Sentyabrın 6-da Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni binaların istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Azərbaycan müstəqillik əldə etdikdən sonra yaradılan təşkilatlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılaraq fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Ali Məclisin Sədri demişdir: Ötən əsrin 30-cu illərindən etibarən Naxçıvan Muxtar Respublikası ərazisinin geoloji öyrənilməsinə başlanmışdır. Muxtar respublika ərazisində ilk dəfə 1967-ci ildə Naxçıvan Geoloji Kəşfiyyat Ekspedisiyası yaradılmışdır. Ekspedisiya muxtar respublika ilə bərabər Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazilərində də bərk faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatını həyata keçirmişdir. 2001-ci ildən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində Naxçıvan Geoliji Axtarış Ekspedisiyası adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 2014-cü il tarixli qərarı ilə Naxçıvan Geoloji Axtarış Ekspedisiyası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 fevral 2015-ci il tarixli Fərmanı ilə Geoloji Axtarış Ekspedisiyasının bazasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir.
Qeyd olunmuşdur ki, yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqlarının və yeraltı su mənbələrinin axtarışı, kəşfiyyatı, öyrənilməsi və qiymətləndirilməsi, filizlərin, süxurların, suların və digər geoloji törəmələrin fiziki-mexaniki, kimyəvi və digər xüsusiyyətlərinin laborator tədqiqi, təbii və antropogen fəaliyyət nəticəsində yer səthində baş verən ekzogen geoloji proseslərin öyrənilməsi, muxtar respublikada yer təkinin, faydalı qazıntıların mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, yer təkinin dərinlik quruluşunun, seysmik şərait və digər təbii hadisələrin öyrənilməsi Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin qarşısında duran əsas vəzifələrdir.
Ali Məclisin Sədri Geoloji Axtarış və Kəşfiyyat İdarəsinə tapşırmışdır ki, muxtar respublika üzrə mineral-xammal bazasının resurslarının perspektiv proqnozlarını, yeraltı su ehtiyatlarının kompleks istifadəsi sxemlərini hazırlasın, nəzərdə tutulan geoloji tapşırıqların təsdiq olunan layihə-smeta sənədlərinə müvafiq surətdə ardıcıl, səmərəli, keyfiyyətli və müəyyən olunmuş müddətdə yerinə yetirilməsini təmin etsin. İdarə həmçinin yeraltı suların rejim və balans elementlərini, çirklənməsini, ehtiyatların tükənməsini, eksogen geoloji prosesləri, seysmik və radiasiya şəraitini öyrənməli, ətraf mühitin təbii proseslərdən mühafizəsi məqsədilə monitorinqlər keçirməlidir. Faydalı qazıntı ehtiyatlarının və yeraltı suların balans və balansdankənar ehtiyatlarını, proqnoz resurslarını hesablamalı, ekspertiza və təsdiq üçün aidiyyəti üzrə təqdim etməlidir.
Qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hər bir su obyekti üçün ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmi müəyyən edilməlidir. Yerüstü və yeraltı tikinti-quraşdırma işləri aparılacaq sahələrin mühəndis-geoloji və hidrogeoloji şəratinin öyrənilməsi üzrə işlər aparılmalı, qanunvericiliklə müəyyən edilmiş qaydada muxtar respublikada geoloji-kəşfiyyat işləri həyata keçirilməlidir. İdarə fövqəladə geoloji şəraiti və geoloji fəlakət zonaları müəyyən etməli və bu sahədə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etməlidir. Eyni zamanda sənaye qovşaqlarının, kurort və istirahət zonalarının, seysmik mikrorayonlaşdırma və mühafizə zonalarının, ərazi və yaşayış məntəqələrinin təhlükəli geoloji və digər anoloji proseslərdən mühafizə qaydalarını hazırlamalıdır. Ekoloji baxımdan yeraltı su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, onların çirklənmədən, tükənmədən qorunmasına, habelə yeraltı suların planlı istifadəsinə nəzarət etməli, yaradılanları qorumalı, həvalə olunmuş vəzifələrin icrasında kollektiv səyini artırmalıdır.
Ali Məclisin Sədri verilən tapşırıqların icrasında geoloqlara uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov tədbirdə çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında təbii sərvətlərdən səmərəli istifadə iqtisadi siyasətin əsasını təşkil edir. Bunun üçün muxtar respublika ərazisində mövcud olan mineral xammal ehtiyatının öyrənilməsi, tədqiqi və istifadə edilməsi sahəsində fəaliyyətin qurulması mühüm vəzifələrdəndir. Muxtar respublika ərazisində geoloji axtarış və kəşfiyyat sahəsində aparılan işlərinin tarixi bu sahədəki təcrübələrin də zənginliyini göstərməkdədir. Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin fəaliyyəti üçün lazımi infrastruktur yaradılmış, yeni kompleks istifadəyə verilmişdir. Hafiz Yaqubov muxtar respublikada ətraf mühitin qorunması, eləcə də geoloji xidmətin inkişafı sahəsində qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcəklərini bildirmişdir.
Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi Əli Vəliyev yaradılan müasir şəraitə görə muxtar respublika geoloqları adından minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarına söz vermişdir.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kompleksə əsas inzibati bina, birmərtəbəli Geologiya Muzeyi, çöl tədqiqatları üçün kameral mərkəz, Geoloji Tədqiqatlar Mərkəzi, yeməkxana, avtomaşınların saxlanılması üçün açıq və örtülü dayanacaqlar, eləcə də mexaniki təmir sexi daxildir. İnzibati bina iki mərtəbədən ibarətdir. Burada 20 iş otağı, akt zalı, geoloji informasiya fondu, arxiv, treninq otağı vardır. Binadakı geoloji informasiya fondunda geoloji axtarış və kəşfiyyat işlərinin yerinə yetirilməsi haqqında məlumatlar toplusu saxlanılır. Hazırda fondda muxtar respublikanın geologiyasına aid 243 geoloji hesabat mövcuddur.
Geologiya Muzeyinin əsas fəaliyyət istiqaməti muxtar respublikanın mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda tanıdılması və təbliğindən ibarətdir. Bina eksponatların nümayişi zalı, eksponatların saxlanılması, hazırlanması və muzey işçiləri üçün xidməti otaqlardan ibarətdir. Muzeydə filiz ehtiyatları bölməsi, qeyri-filiz ehtiyatları bölməsi, muxtar respublikanın geologiya tarixi haqqında bölmə və Paleontologiya yarımbölməsi fəaliyyət göstərir. Muzey fondunda 700 eksponat vardır. Həmçinin burada muxtar respublikanın geologiya və faydalı qazıntılar xəritələri də qoyulmuşdur.
Çöl tədqiqatları üçün kameral mərkəz 4 axtarış və bir kəşfiyyat dəstəsi üçün nəzərdə tutulmuş xidməti otaqlardan ibarətdir. Burada mühəndis-texniki personalın işləməsi, çöl işləri zamanı yerinə yetirilmiş geoloji işlərin kameral araşdırılması, layihə-smeta sənədlərinin və yekun geoloji hesabatların tərtibi və planlaşdırılması üçün lazımi şərait yaradılmışdır. Geoloji Tədqiqatlar Mərkəzinin binası üyüdücü sex və 3 tədqiqat otağı olan laboratoriyadan ibarətdir. Üyüdücü sexdə 3 üyüdücü dəzgah və üyütmə prosesi üçün 2 avadanlıq, laboratoriyada isə Almaniyanın ən qabaqcıl firmalarının istehsalı olan müasir laboratoriya avadanlıqları quraşdırılmışdır. Yeni avadanlıqlar qısa müddətdə su və süxur nümunələrinin dəqiq analizlərinin aparılmasına və tərkibin müəyyənləşdirilməsinə imkan verir.
Ali Məclisin Sədri aparılan geoloji tədqiqatların nəticələrinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birlikdə müzakirə olunması, muxtar respublikanın təbii sərvətlərinin geoloji tədqiqat və yerləşmə xəritələr haqqında məlumatlaların toplanması, Geologiya Muzeyinin yeni eksponantlarla və bu sahə ilə bağlı ədəbiyyatlarla zənginləşdirilməsi və "Muzey günləri" qrafikinə daxil edilməsi, geologiya üzrə fəaliyyət göstərən xarici müəssisələr və şirkətlərlə əlaqələrin qurulması və əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti