Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib.
Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışan Prezident İlham Əliyev bunun, eyni zamanda, beynəlxalq əməkdaşlığa da töhfə verdiyini qeyd edib. Dövlətimizin başçısı ölkəmizin artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrildiyini vurğulayaraq Azərbaycanda vaxtaşırı olaraq müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə böyük tədbirlərin keçirildiyini bildirib.
Azərbaycan Prezidenti ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin ölkəmizə səfərinin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Sentyabrın 8-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
AZƏRTAC