10 Yanvar 2025, Cümə

 Avqustun 22-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü qeyd olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. 

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Asəf Quliyev Ali Məclisin Sədrinə raport vermişdir. 

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoymuş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişdir. 

Sonra Ali Məclisin Sədri sərhədçiləri salamlamış, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuşdur. 

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: Hər bir ölkənin müstəqilliyinin və dövlətçiliyinin ən mühüm şərtlərindən biri onun dövlət sərhədlərinin olmasıdır. Dövlət sərhədi olmayan və sərhədi qorunmayan ölkə müstəqil ola bilməz. Azərbaycanda dövlət müstəqilliyi elan olunan gündən onun ayrılmaz hissəsi olan Naxçıvanda sərhədlərin milli sərhəd qüvvələri tərəfindən qorunması gündəlikdə dayanırdı. 

Həmin vaxt Sovetlər Birliyinin Naxçıvandakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanmışdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları Ermənistan ərazisindəki sərhəd dəstəsinin tabeliyində idi. O dövrdə Naxçıvan Muxtar Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyevin səyi ilə həmin sərhəd zastavaları Naxçıvandakı 41-ci sərhəd dəstəsinin tabeliyinə verildi. Mühüm siyasi və tarixi əhəmiyyət daşıyan bu addım muxtar respublikanın sərhədlərinin etibarlı müdafiəsini və milli sərhəd dəstəsinin yaradılmasını şərtləndirdi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində ümummilli liderimizin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı qaldırıldı və Azərbaycanın ilk milli Sərhəd Dəstəsinin təməli qoyuldu. 

Ulu öndərimiz Heydər Əliyev Naxçıvanda ilk sərhəd dəstəsinin yaradılması barədə demişdir ki: “Azərbaycan müstəqillik yolu ilə getməyə başlayanda respublikamızda sərhəd dəstələri yaratmaq zərurəti meydana çıxdı. O cümlədən, burada Azərbaycanın ərazisindən ayrı düşmüş və o illərdə, elə indi də blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da bu problemi həll etmək lazım idi. Biz bu problemi həll etdik. 41 nömrəli sərhəd dəstəsinin bütün əmlakı, bütün qurğular, silahlar, sursatlar, ləvazimatlar, texnika Naxçıvan Muxtar Respublikasının sərəncamına keçdi... Əminəm ki, Naxçıvan Sərhəd dəstəsi günü-gündən inkişaf edəcək, sərhədlərimiz etibarlı şəkildə qorunacaqdır”. 

"Naxçıvan Sərhəd Dəstəsinin inkişafı ümummilli liderimizin ali hakimiyyətə qayıdışından sonra da diqqət mərkəzində saxlanmış, burada nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşmışdır", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmış, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilmişdir. Bununla da muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoy­muşdur. Son illər müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış, şəxsi heyətin peşəkarlığı artırılmışdır.       

  Ali Məclisin Sədri sonra demişdir: Sərhəd dövlətimiz üçün müqəddəsdirsə, sərhədçi olmaq, sərhədləri qorumaq isə şərəfli işdir. Hər bir sərhədçi öz xidməti ilə nümunə göstərməli, sərhədlərin mühafizəsinə həmişə hazır olmalıdır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 25-ci ildönümü münasibətilə bir daha şəxsi heyəti təbrik edir, hər birinizə xidməti-döyüş fəaliyyətinizdə uğurlar arzulayır, şərəfli Azərbaycan sərhədçisi adını doğruldacağınıza inamla çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edilməsi deməkdir”. 

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Asəf Quliyev çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin uğurlu  icrası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının da hərtərəfli inkişafına səbəb olmuş, şəxsi heyətin xidməti-döyüş hazırlığı və peşəkarlığı artırılmış, muxtar respublikanın sərhədlərinin etibarlı müdafiəsi təşkil olunmuşdur. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qərargahı, əsgər xəstəxana­sı, hamam-camaşırxana kompleksi, çörək sexi və Şərur sərhəd komendantlığı yenidən qurulmuş, 9 sərhəd zastava kompleksi və Culfa sərhəd komendantlığı müasir tələblərə uyğun tikilərək istifadəyə verilmiş, bütün bölmələr üzrə anbarlar əsaslı təmir olunmuşdur. Aparılmış abadlıq işləri ərazini müasir hərbi şəhərciyə çevirmişdir. Sərhədçi ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, yaşayış binaları əsaslı təmir olunmuş, mərkəzləşdirilmiş istilik sistemi yaradıl­mış, hərbi şəhərcikdə müasir uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Bütün bunlar sərhədçilərə və onların ailələrinə göstərilən qayğının daha bir nümunəsidir. Asəf Quliyev “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı və sərhəd xidmətinin nümunəvi təşkili sahəsində həyata keçirilən tədbirlərə görə şəxsi heyət adından minnətdarlıq etmişdir. 

Əsgər Elgiz Tağıyev demişdir ki, muxtar respublikada müasir sərhəd infrastrukturu yaradılmışdır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, eləcə də ən ucqar sərhəd zastavalarında hərtərəfli xidmət şəraiti yaradılıb. Sərhədçilərin qidalanmasına, sağlamlıqlarının qorunmasına və peşəkarlıqlarının artırılmasına xüsusi diqqət yetirilir. Şəxsi heyət arasındakı birlik, eləcə də müasir silah və texnika təminatı qüdrətimizi daha da artırır. Bundan sonra da muxtar respublikada dövlət sərhədlərinin keşiyində ayıq-sayıq dayanacağıq. Hər bir sərhədçi ulu öndərimizin əmanəti olan dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaq, dahi şəxsiyyətin ideyalarına daim sadiq qalacaqdır. 

Sonra tədbirdə “Naxçıvan Muxtar Respublika­sına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının,  bir qrup sərhədçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı oldu. Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 21 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında sərhəd xidmətində səmərəli fəaliyyətinə görə 4 sərhədçi “Naxçıvan Muxtar Respublika­sına xidmətlərə görə”, 5 sərhədçi isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub. 

Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublika­sına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını, eləcə də hədiyələri sərhədçilərə təqdim etmişdir. 

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçmişdir. 

Sərhədçi ailələri ilə görüşən Ali Məclisin Sədri onları “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü münasibətilə təbrik edərək demişdir: Son illər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və zastavalarda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmış, sərhəd xidməti tam təkmilləşdirilmişdir. Bu gün sərhədlərimiz etibarlı qorunur. Hər bir zabit və gizir sərhədçi adını doğrultmaq üçün xidmətə məsuliyyətlə yanaşır.  Xidmətin uğurlu alınmasında sərhədçi ailələrinin də böyük dəstəyi vardır. 

Sərhədçi ailələri adından minnətdarlıq edən Dürdanə Ağayeva demişdir: Bu gün muxtar respublikada sərhədçi ailələrinə hərtərəfli qayğı göstərilir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında geniş quruculuq işləri aparılıb, müasir hərbi şəhərcik salınıb, uşaq bağçası istifadəyə verilib. Rahat və müasir mənzillərdə yaşayırıq. Övladlarımızın tərbiyə olunması və yaxşı təhsil alması üçün lazımi şərait yaradılıb. Həyata keçirilən tədbirlər, yaradılan şərait sərhədçi ailələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. 

Sonra “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının anbarlarına baxış olmuşdur. 

Bildirilmişdir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının anbarları müasir tələblər səviyyəsində qurulmuşdur. Diviziyanın ərzaq anbarlarında soyuducu kameralar quraşdırılmış, ərzaqların keyfiyyəti dəyişilmədən uzun müddət saxlanılması təmin edilmişdir. Həmçinin mənzil-istismar, avtomobil nəqliyyatı, əşya-geyim, silah, mühəndis materialları və rabitə avadanlıqları anbarları da əsaslı şəkildə yenidən qurulmuş, yeraltı sursat anbarı inşa olunmuşdur. Ərazidə avtomobil və texnikaların saxlanılması və hərəkəti üçün də lazımi şərait yaradılmışdır. 

Ali Məclisin Sədri şəxsi heyətin qidalanmasına və sağlamlıqlarının qorunmasına ciddi diqqət yetirilməsinin vacibliyini vurğulamış, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir. 

Sonra Ali Məclisin Sədri əsgər yeməkxanasına baxmış, çay süfrəsi arxasında əsgərlərlə söhbət etmişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR