10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır. Müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir”.

Bu gün muxtar respublikada həyata keçirilən sosial islahatların əsasında insanların rahat yaşayışı dayanır. Bütün yaşayış məntəqələrində müasir infrastruktur yaradılır. Son illər şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsi kimi sakinlər tərəfindən yüksək qiymətləndirilir.
Bu sahədə görülən işlərin davamı olaraq avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi “Su təchizatı və kanalizasiya investisiya Proqramı layihə-2” üzrə qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Tikinti işlərinə 2016-cı ilin yanvar ayında başlanıb. Layihəyə əsasən hər iki kənddə ümumilikdə 37,3 kilometr uzunluğunda müxtəlif diametrli borularla içməli su xətti çəkilmiş, 1103 evə su verilərək sayğac quraşdırılmış, 4 mindən artıq sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Su şəbəkəsinin üzərində 7 yanğın hidrantı və 3 suboşaldıcı qoyulmuşdur. Şıxmahmud və Xəlilli kəndlərində müxtəlif diametrli borularla 34,5 kilometr uzunluğunda kanalizasiya xətləri də çəkilmiş və bütün mənzillər şəbəkəyə qoşulmuşdur.
Hər iki kəndin əkin sahələrinin suvarma su təminatı sahəsində də tədbirlər görülmüşdür. Belə ki, Uzunoba su anbarından sugətirən 1800 metr uzunluğundakı kanal yenidən qurulmuş və betonla üzlənmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək demişdir: Bu gün Şıxmahmud və Xəlilli kəndlərinin həyatında əlamətdar gündür. Çünki su həyat, yol abadlıq və rahatlıq, kanalizasiya sistemləri isə təmizlik və sağlamlıq deməkdir. Bütün bunlara Şıxmahmud və Xəlilli kəndlərində nail olunub. Naxçıvan şəhərində içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlər keyfiyyətlə başa çatdırıldı. Həmin layihədən qənaət olunmuş vəsait hesabına Şıxmahmud və Xəlilli kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi quruldu. Aparılan abadlıq-quruculuq işlərindən sonra hər iki kənd şəhərtipli qəsəbəyə çevrilmişdir.
Ali Məclisin Sədri demişdir: Yaşayış məntəqələrinin abadlaşması, müasir yolların çəkilməsi, su-kanalizasiya sistemlərinin qurulması və insanların rahat yaşayışının təmin olunması ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bütün bunlar o ölkələrdə həyata keçirilir ki, orada dövlət-xalq siyasəti, sabitlik və inkişaf olsun. Azərbaycanda dövlət-xalq siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dahi şəxsiyyətin ölkəmizə hər iki rəhbərliyi dövründə bu siyasət öz bəhrəsini vermişdir. Bu gün ölkə Prezidentinin ulu öndərin yoluna sədaqətinin nəticəsidir ki, dövlət proqramları qəbul edilərək icra olunur, yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılır, insanların rahat və firavan yaşayışı təmin olunur. Rahat yaşayış olan yerlərdə isə insanlar qayğılardan azad olur, öz vaxtlarını təsərrüfatlarının inkişafına sərf edirlər.
Ali Məclisin Sədri demişdir: Yaşayış məntəqələrində quruculuq işlərinin aparılması, insanların rifahının təmin olunması bir məqsədə – Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə və inkişafına xidmət edir. Azərbaycanın ən qiymətli sərvəti onun insanlarıdır. İnsanlara qayğı isə bu gün dövlətimizin əsas vəzifəsidir. Yaşayış məntəqələrində insanların firavan yaşayışının təmin olunması, gənclərin hərtərəfli təhsil alması və peşə öyrənməsi üçün yaradılan şərait, yeni məktəb binalarının, peşə məktəblərinin istifadəyə verilməsi ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir.
Ali Məclisin Sədri bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə olunacağına, tikilənlərin, qurulanların qorunub saxlanacağına əminliyini bildirmiş, bu işlərdə əməyi olanlara təşəkkür etmiş, sakinlərə firavan həyat arzulamışdır.
Şıxmahmud kənd sakini Zahid Tağıyev minnətdarlıq edərək demişdir: Şıxmahmud və Xəlilli kəndlərində son illər xeyli abadlıq-quruculuq işləri aparılıb, yeni sosial obyektlər tikilərək istifadəyə verilib. Övladlarımızın yaxşı təhsil alması, sakinlərin sağlamlıqlarının qorunması sahəsində görülən işlər, idarəetmə orqanlarının müasir binalarda yerləşdirilməsi, xidmət sahələrinin istifadəyə verilməsi, elektrik, rabitə və qaz xətlərinin yenilənməsi, məşğulluğun və rahat yaşayışın təmin olunması kəndləri müasir görkəmə qovuşdurub, məskunlaşma artıb. Bu işlərin davamı olaraq Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun, içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi isə sakinlərin daha böyük sevincinə səbəb olub. Hər iki kənddə sakinlərin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. İnsanlar əkinçiliklə məşğul olur, bol məhsul istehsal edirlər. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə Uzunoba su anbarından sugətirən kanalın yenidən qurulması sudan səmərəli istifadəyə və əkin sahələrinin daha da genişləndirilməsinə imkan verəcəkdir. Bütün bunlar bizi daha yaxşı işləməyə sövq edir. Yaradılan şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarımızı genişləndirəcək, ölkə iqtisadiyyatının inkişafına öz töhfəmizi verəcəyik.
Ali Məclisin Sədri Şıxmahmud və Xəlilli kəndlərinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə saldı.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR