Muxtar respublikada xüsusi diqqətə ehtiyacı olan insanlarla bayram günlərində həmrəylik nümayiş olunur, onlara sovqatlar aparılır.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: Xəstəliklərin vaxtında aşkar olunması və qarşısının alınması cəmiyyətin hər bir üzvünün sağlamlığının qorunmasına xidmət edir. Ona görə də muxtar respublikada xəstəliklərin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülür. Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinin, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərinin müasir binalarda fəaliyyət göstərməsi, lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunması da bu sahədə görülən işlərin davamıdır. Səhiyyə müəssisələrinin fəaliyyəti bundan sonra da daim diqqət mərkəzində saxlanacaqdır. Həkim və tibb işçiləri səhiyyə maarifi işinə diqqəti artırmalı, xəstələrə hərtərəfli tibbi xidmət göstərməli, onlar cəmiyyətin sağlam üzvünə çevrilməlidirlər.
Ali Məclisin Sədri Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinin, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərinin kollektivlərinə çətin və şərəfli işlərində uğurlar arzulamışdır.
Həkim və tibb işçiləri yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq etmişlər.
Sonra Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzləri vaxtlı-vaxtında dərman vasitələri ilə təmin olunur. Muxtar respublikada bu kateqoriyadan olan xəstələrin qeydiyyata alınması və tibbi müayinədən keçirilməsinə ciddi diqqət yetirilir. Tibbi xidmətin düzgün təşkilinin və aparılan səhiyyə maarifi işinin nəticəsidir ki, muxtar respublikada psixi, onkoloji və yoluxucu xəstəliklərin sayında azalma müşahidə olunur.
Sonra Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə 500-ə yaxın hədiyyə paketi paylanılmış, gətirilmiş ərzaq məhsulları anbarlara təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti