10 Yanvar 2025, Cümə

Dekabrın 29-da Naxçıvan Biznes Mərkəzində Azərbaycan-İran Biznes Forumu keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi biznes forumda iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Naxçıvanda Azərbaycan-İran Biznes Forumu öz işinə başlayır. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin vacib elementi olan bu cür görüşlərin, işgüzar forumların keçirilməsi artıq sistemli xarakter almışdır. Son illər nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən biznes sərgilərində hər iki tərəfdən sahibkarların iştirakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Təkcə 2016-cı ildə İranla Naxçıvan Muxtar Respublikası arasındakı Culfa və Şahtaxtı keçid məntəqələrindən hər iki tərəfdən 450 minə yaxın vətəndaş istifadə etmişdir.
Qeyd olunmuşdur ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsinin nəticəsi olaraq Naxçıvandan İrana müxtəlif sənaye və ərzaq məhsulları, elektrik enerjisi ixrac olunur. Öz növbəsində İrandan da ərzaq, tikinti məhsulları və digər mallar alınır. Şübhəsiz ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsində sahibkarların müstəsna rolu vardır. Biznes forumda hər iki tərəfdən sahibkarların iştirakını nəzərə alaraq bildirmək istəyirəm ki, sahibkarların qarşılıqlı əməkdaşlığı üçün burada geniş imkanlar vardır.
Ali Məclisin Sədri Naxçıvanda keçirilən biznes forumun Azərbaycan-İran əlaqələrinə öz töhfəsini verəcəyinə əminliyini bildirmiş, forum iştirakçılarını və qonaqları salamlamış, təşkilatçılara təşəkkür etmişdir.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev çıxış edərək demişdir ki, Azərbaycan-İran iqtisadi əlaqələri ilbəil genişlənir. Siyasi və iqtisadi sahədə əlaqələrin inkişafı həyata keçirilən birgə layihələrdə öz əksini tapır. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikası da yaxından iştirak edir. Hər iki tərəfdən iş adamlarının Naxçıvanda keçirilən Azərbaycan-İran Biznes Forumuna böyük maraq göstərməsi məmnunluq doğurur. Naxçıvan Muxtar Respublikasında yaradılan müasir infrastruktur, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər sahibkarlar üçün hərtərəfli şərait yaradır. Şahin Mustafayev biznes forum iştirakçılarına uğurlar arzulamışdır.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirmişdir ki, Azərbaycan-İran əlaqələri qədim tarixə və ortaq dəyərlərə əsaslanır. Xalqlarımız arasında mənəvi bağlılıq vardır. Bütün bunların nəticəsində isə dövlətlərarası münasibətlərimiz, dostluq və qardaşlıq əlaqələrimiz ilbəil genişlənir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən ayrı düşmüş və blokada şəraitində yaşayır. Ona görə də İran Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. İranın yaxın vilayətləri ilə Naxçıvan arasındakı əməkdaşlıq məmnunluq doğurur. İş adamlarının bu işdə yaxından iştirakına mühüm əhəmiyyət verilir. Mahmud Vaezi biznes forumun iş adamları arasında yeni imkanlar açacağını bildirmiş, bundan sonra da sahibkarların qarşılıqlı fəaliyyətinə dəstək veriləcəyini qeyd etmişdir.
Sonra tədbir iştirakçıları Biznes Mərkəzdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən sərgiyə baxmışlar. Muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələri və istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilmişdir. Naxçıvanlı sənətkarların əl işləri, nümayiş olunan xalçalar və rəsm əsərləri də maraqla qarşılanmışdır.
Sərgi ilə tanışlıqdan sonra sahibkarlar arasında ikitərəfli görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR