10 Yanvar 2025, Cümə

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına bayram sovqatı aparılmışdır

Ötən əsrin 90-cı illərində ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan müstəqil dövlətçilik və həmrəylik ideyası Azərbaycanda inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Dahi şəxsiyyətin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-xalq-ordu birliyi möhkəmlənir. Bu birlik və həmrəylik müstəqil Azərbaycan ordusunun qüdrətini və şəxsi heyətin döyüş ruhunu artırır. Bu gün Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, birləşmə və hissələri güclü maddi-texniki bazaya və peşəkar şəxsi heyətə malikdir. Yaradılan şərait muxtar respublikada dövlət sərhədlərinin etibarlı müdafiəsinə təminat verir.

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına gəlmiş, əsgər və zabitlərlə görüşmüşdür.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev Ali Məclisin Sədrinə raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov əsgərləri salamlamış, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: Bu gün ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı müxtəlif tədbirlərlə qeyd olunur. Bu tədbirlər sırasında xalq-ordu birliyinin ifadəsi olan əsgərlərlə görüşlərin keçirilməsi xüsusi yer tutur. Dövlət müəssisə və təşkilatların kollektivləri, vətəndaşlar hərbi hissələrdə olur, əsgər və zabitlərin bayramlarını təbrik edərək həmrəylik nümayiş etdirirlər.
Ali Məclisin Sədri bu tədbirlərdə iştirak edən hər bir kəsə təşəkkür edərək demişdir: Bu gün ölkəmizdə xalq-ordu birliyi vardır. Hər bir hərbi qulluqçu bilməlidir ki, onun arxasında Azərbaycan xalqı dayanıb. Xalqımız isə əmindir ki, ordumuz sərhədlərimizi etibarlı qoruyur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ordu, birləşmə və hissələrinin şəxsi heyəti də xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
Ali Məclisin Sədri muxtar respublikada xidmət edərək ölkəmizin sərhədlərini və ərazi bütövlüyünü qoruyan bütün hərbi qulluqçulara təşəkkür etmiş, onlara bayram təbriklərini çatdırmışdır.
Əsgər Ümid Rəhimov və zabit Sunay Əsədov şəxsi heyət adından minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən geniş quruculuq işləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Əsgər və zabitlər üçün müasir xidmət şəraiti yaradılmış, yeni sərhəd zastavaları tikilərək istifadəyə verilmişdir. Şəxsi heyətin peşəkarlıq səviyyəsi ilbəil yüksəldilir. Bu gün muxtar respublika sərhədlərində xidmət nümunəvi təşkil olunub. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərbi hissədə xidmət etmək hər bir sərhədçi üçün ikiqat qürurdur. Çıxış edənlər şəxsi heyət adından söz vermişlər ki, bundan sonra da sərhədlərimizi etibarlı qoruyacaqlar.
Ali Məclisin Sədri şəxsi heyətə bayram hədiyyələri təqdim etmiş, onlara xidmətdə uğurlar arzulamışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xəstəxanasında da olmuş, burada müalicə olunan əsgərlərlə görüşmüş, onlara göstərilən tibbi xidmətlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında vaxtlı-vaxtında profilaktik tədbirlər görülür, hərbi qulluqçular mütəmadi tibbi müayinədən keçirilir. Xəstəxananın lazımi dərman vasitələri və tibbi ləvazimatlarla təminatı müayinə və müalicənin düzgün təşkilinə imkan verir. Burada xəstələrin qidalanması xüsusi nəzarətə götürülür və gigiyenik qaydalara tam əməl olunur.
Ali Məclisin Sədri xəstəxanada müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik etmişdir.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının anbarına 5 tona yaxın ərzaq məhsulu – çörək, ət, şəkər tozu, qənd, yarma, qatılaşdırılmış süd, yumurta, o cümlədən yun corab, siqaret və şəxsi təmizlik vasitələri təqdim olunmuş, şəxsi heyətə 500-ə yaxın hədiyyə paketi verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR