Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması ötən ay da diqqətdə saxlanılmış, bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada yaşayan ailələr, qadın və uşaqlar haqqında məlumatlar komitədə yaradılmış bazaya əlavə edilmiş və təhlili aparılmışdır. Məlum olmuşdur ki, cari ilin yanvar ayında muxtar respublikada ailələrin sayı 98198 olmuşdur ki, bu da ötən illə müqayisədə 405 çox ailə deməkdir. Bəhs olunan dövrdə qadınların sayı 231021 nəfərə çatmışdır ki, bu da ötən illə müqayisədə 989 nəfər çox, uşaqların sayı isə 165288 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 742 nəfər çoxdur.
Hesabat ayında ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan şəhərində yaşayan aztəminatlı Baxşəliyevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış və ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində sərmayə kapitalı verilmiş 39 qadından 6-nın yaşadığı ünvanlarda sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmişdir.
Komitə və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Sədərək rayonunda yaşayan aztəminatlı ailənin üzvü, məhdud fiziki imkanlı qadınlara toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib. Təlimin keçirilməsində məqsəd aztəminatlı ailənin üzvü, məhdud fiziki imkanlı qadınları sosial layihələrə cəlb etmək, onların özünüməşğulluğunu təmin etmək, ailə büdcəsinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. İstedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vasitələrdən istifadə etməklə iştirakçılara toxuculuq peşəsinin sirlərini öyrətmişdir. Təlimdə Sədərək rayonunda yaşayan 6 aztəminatlı ailədən olan 9 məhdud fiziki imkanlı qadın və Sədərək Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin 4 dərnək rəhbəri iştirak etmişlər.
Ötən ay uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 706 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 3 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmişdir.
Kəngərli rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı bu sahəyə məsul olan şəxslərin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə əlaqədar hazırlanmış 50 broşür seminar iştirakçılarına paylanılmışdır.
Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 4 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 4 uşağın evində monitorinq keçirilmiş, aşkar edilən nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti