Hörmətli deputatlar və sessiya iştirakçıları!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən çağırışdakı fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasi xətti muxtar respublikada inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmiş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Nəzərdə tutulan proqramlar vaxtında icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, ordu quruculuğuna diqqət artırılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür.
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər də bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur. Seçkilərdə fəallıq göstərən, ulu öndərimizin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığımı bildirirəm!
Muxtar respublika Mərkəzi Seçki Komissiyasına, dairə və məntəqə seçki komissiyalarına, seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsini təmin edən bütün aidiyyəti orqanlara təşəkkür edir, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına muxtar respublika seçicilərinin etimadına layiq görüldüklərinə görə təbriklərimi çatdırıram!
Biz qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalaraq Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaratmalı, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq.
Büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarət daha da gücləndirilməli, vergi və rüsumların vaxtında ödənilməsi təmin edilməli, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmalıdır. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları asanlaşdırılmalı, real sektorun inkişafına yönləndirilən kredit növlərinə üstünlük verilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməli, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülməlidir. Mövcud istehsal sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsal müəssisələrinin yaradılması davam etdirilməli, süni qiymət artımının qarşısı alınmalıdır.
Hər bir ölkədə inkişafın əsas hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada aqrar sahədə görülən işlər, həyata keçirilən islahatlar da bu məqsədə hesablanmışdır. Qarşıdakı dövrdə də bu sahədəki fəaliyyət davam etdirilməli, məhsuldarlığın artırılması sahəsində elmi-təcrübi tədbirlər görülməlidir. Əkinəyararlı torpaqlardan təyinatına uyğun istifadə olunmalı, mütərəqqi suvarma şəbəkələri qurulmalı, suvarma suyunun düzgün bölgüsünə və səmərəli istifadəsinə nəzarət gücləndirilməli, tələbata uyğun yeni kənd təsərrüfatı texnikaları və mineral gübrələri alınıb gətirilməlidir.