Aprelin 15-də Gürcüstan tərəfinin təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.
Prezident Salome Zurabişvili:
-Cənab Prezident, mən Sizinlə belə çətin bir zamanda deyil, daha yaxşı vaxtlarda söhbət etmək istərdim. Ümidvaram ki, şəxsən Siz, ailəniz, əməkdaşlarınız - hamınız yaxşısınız. Ümid edirəm ki, biz bu çətin şəraitdə əməkdaşlığımızı mümkün olan qədər tez bir zamanda davam etdirəcəyik.
Prezident İlham Əliyev:
-Təşəkkür edirəm, xanım Prezident. Sizi görməyə çox şadam. Əlbəttə ki, bu cür ünsiyyət qurmaq çox qeyri-adidir. Lakin bu, zamanın özəlliyidir. İndi bizə bir-birimizi görməyə və bir-birimizlə söhbət etməyə imkan verən yeni texnologiyaların olması çox yaxşı bir haldır. Əməkdaşlığınıza görə Sizə təşəkkür edirəm. Mən ölkəmizə Sizin çox uğurlu rəsmi səfərinizi xatırlayıram.