21 Dekabr 2024, Şənbə

Bu il 100 yaşını böyük sevinclə  qeyd etdiyimiz “Şərq qapısı” qəzetinin dərcində baş redaktordan tutmuş sürücüyədək hamının əməyi, zəhməti vardır. Onları görünən və görünməyən qəhrəmanlar adlandırardım. Gəlin, onlarla yaxından tanış olaq…

Şərəf  Mənsumova: Qəzet əməkdaşlarının “Şərəf xala” deyə çağırdığı bu xanım “Şərq qapısı” qəzetinin əsl qəhrəmanlarından biridir, eyni zamanda canlı arxividir, –  deyərdim. Kimlər gəlib, kimlər gedib bu qəzetdən, amma Şərəf xala hələ də kompüter başında öz işini peşəkarcasına yerinə yetirir. Nə az, nə çox, düz 44 ildir ki, ömrünü mətbuata sərf edib. Əvvəlcə mətbəədə çalışıb, elə qəzetlə tanışlığı da buradan başlayıb. Onun qəzetlə bağlı xatirələrini çox eşitmişəm. Həmişə bu xanımın işinə olan sevgisi xüsusilə diqqətimi çəkib. Şərəf xala deyir ki, əvvəllər qəzet səhifələri linotip adlı həcmcə böyük maşınlarda yığılır və çap edilirdi. Bu zaman həm vaxt itkisi yaşayır, həm də əl-üzümüz qaraya boyanırdı. Əvvəllər şrift dəstləri də çox məhdud idi. İndi elə kompüter proqramları var ki, qəzetçiyə bəzən onlarca, yüzlərlə şrift forması təqdim edir. Muxtar respublika rəhbərinin qayğısı ilə 1995-ci ildə mətbəəyə  kompüter verildi, işimiz xeyli yüngülləşdi. 2000-ci ildə “Şərq qapısı” qəzeti ayrılıqda fəaliyyətə başladı ki, elə həmin ildən burada kompüter operatoru kimi fəaliyyətimi davam etdirirəm. Bu gün qəzetimizdə hər cür şərait yaradılıb, müasir mətbəə avadanlıqları ilə təmin olunub. Bir sözlə, işimizi rahatlıqla görə bilirik. Mətnlər jurnalistlər tərəfindən yazılıb bizə verildikdən sonra həmin əlyazmaları kompüterə köçürdür və çapa hazırlayırıq. Beləliklə, jurnalist məqalələrinin ilk oxucusu də məhz özümüz oluruq.  Şərəf xaladan qəzetdə bu qədər uzun müddət çalışmağın sirrini də öyrənirəm: – Bir dəfə bezdim, sıxıldım deməmişəm. Hər gün işə olan sevgim, məhəbbətim daha da artır, gördüyüm işdən zövq alıram, hələ də  ilk günkü kimi eyni həvəs və həyəcanla işə gəlirəm.

Natella Gülmalıyeva da qəzetin görünməyən qəhrəmanlarındandır. Artıq 41-ci  ildir ki, “Şərq qapısı” ailəsinin bir üzvüdür. Natella xanım  deyir ki,  80-ci illərdən bu yana gecəli-gündüzlü çalışmışıq, 90-cı illərin çətin sınaqlarından çıxmışıq.  O vaxt işləyəndə 70 manat alırdıq, buna baxmayaraq işimizi də həvəslə, sevərək görürdük. Əvvəlcə mətbəədə, 2005-ci ildən  isə “Şərq qapısı” qəzetində kompüter operatoru kimi çalışıram. İşə başladığım gündən etibarən işimi düzgün və məsuliyyətlə yerinə yetirməyə çalışmışam. Redaksiya olaraq hamımızın gördüyü iş məsuliyyətlidir. Mənim kimi kompüterdə işləyənlər isə daha diqqətcil, səbrli olmalıdır. Fonetik, leksik, qrammatik qaydaları gözləməlidir. Sözlərin düzgün yazılışında gözdən yayınan bir səhv  sonradan problemlər yarada bilər.  “Şərq qapısı” artıq bizim doğma evimiz olub, vaxtımızın çox hissəsini burada keçiririk, bəzən iş vaxtı bitsə belə, əlimizdəki  işi saat neçə olursa-olsun,  qurtarıb sonra evə gedirik. Biz mehriban bir ailəyik. Bu ailənin formalaşmasında bizə göstərilən diqqət və qayğı mühüm rol oynayıb. Bu 100 yaşlı ailənin üzvü olduğum üçün qürur duyuram.

Solmaz Rzayeva 9 ildir ki, qəzetin korrektura şöbəsinin müdiridir, baş korrektordur.  Qəzetin görünməyən qəhrəmanlarından olan Solmaz müəllimə əvvəlcə korrektor sözünə aydınlıq gətirir: –Korrektor mətbəədə, qəzetdə, kitabda, jurnalda səhvlərin düzəldilməsini təmin edən şəxsdir. Qəzetdə dərc edilən istənilən mətn mütləq korrektə olunmalıdır. Bu zaman mətnin yığımı zamanı buraxılmış səhvləri düzəldirik. Elektron mediada operativlik üçün  çox vaxt mətnlər  korrekturasız verilə və mətnlərdə çoxlu mexaniki səhvlər gedə bilər. Lakin çap mediasında bu hal həmişə gözlənilir, korrektor yazıları oxuyur, sonra qəzet saytına yerləşdirilir. Dilimizə hər gün yeni terminlər daxil olur. Bəzilərinin qarşılığını tapmaq tələb olunur.  Məhz redaktə etdiyimiz yazılarda da belə məsələlərə diqqət ayırır, həmin terminin mətbuatda ən düzgün işlənmə formasını seçib tapırıq. Müsahibim qeyd edir ki, gündəlik qəzetin korrektəsi ilə məşğul olmaq məsuliyyətlidir. Bəzən bir vergül səhvi belə mətnin əsas məzmununa  xələl gətirə, onun mənasını tamamilə dəyişə bilər. Səhvin çoxluğu həm də müxbirin peşəkarlığına inamı itirə bilər. Ona görə də ana dilimizin qrammatikasını yaxşı bilmək, mütaliə etmək və çox diqqətli olmaq lazımdır. Deyə bilərəm ki, qəzetdə əsas yük korrekturanın üzərinə düşür. Bir sözlə,  korrektə keçid məntəqəsidir. Buradan keçmədən yazı çapa gedə bilməz. Qəzetimizdə Nailə Əliyeva, İlahə Quliyeva kimi peşəkar, Aytən Məmmədəlizadə, Günay Vəliyeva,  Zəhra Haqverdiyeva kimi işini bilən  gənc korrektorlarımız fəaliyyət göstərirlər. Birgə əməklə ən kiçik səhvin belə öhdəsindən gəlməyi bacarırıq.  

“Şərq qapısı” qəzetinin ağsaqqalı Muxtar Məmmədov haqqında yazmasaq olmaz. Artıq 20 ildir ki, “Şərq qapısı” qəzetində fəaliyyət göstərən Muxtar müəllim qəzetin məsul katibidir. Onu muxtar respublikada tanımayan az adam tapılar. Çünki o, həm müxbir kimi daim hərəkətdədir, həm də məsul katib kimi qəzetin əsas işini arxa planda yerinə yetirir. Qəzetdə hər bir yazı mütləq şəkildə Muxtar müəllimin qələmindən keçir, qiyməti də yazıları redaktə edərkən verir. Məsuliyyət, bir o qədər də səriştə, bacarıq tələb edən redaktə işini Muxtar müəllim layiqincə yerinə yetirir.  Onun xüsusilə də gənc jurnalistlərə əsas tövsiyəsi hər hansı mövzuda qələmə alınan yazını ən azı iki, üç dəfə oxumaq, faktlara diqqət yetirmək, cümlə üzvlərini yerli-yerində işlətmək, bədii təsvir və ifadə vasitələrini mövzuya uyğunlaşdırmaqdır. “Jurnalist çoxlu kitab oxumalı, axtarmalı, araşdırmalıdır və heç vaxt yoruldum deməməlidir”, – deyən qəzetin məsul katibi daim mütaliə etməyi, yerli medianı, qəzetləri  izləməyi məsləhət görür: – “Şərq qapısı” mənim üçün doğma qəzetdir. Mən orta məktəbdə oxuyanda, Aza kəndində pedaqoji fəaliyyətlə məşğul olanda da qəzetlə əməkdaşlıq etmişəm, – deyən Muxtar Məmmədovu peşəkar qələm sahiblərinin yetişməsində fədakar əməyinə görə həm də “Şərq qapısı”nın  “Ali kateqoriyalı müəllim”i  adlandırmaq olar. Çətin və şərəfli jurnalist peşəsinə qəlbən bağlanan Muxtar müəllim bir-birindən maraqlı oçerk, məqalə, müsahibə, reportaj, esselərin və 4 kitabın müəllifidir. Muxtar müəllim ilk öncə vətənpərvərdir, sonra ziyalı qələm sahibi. Ona görə də duyğu və düşüncəsinin gücü ilə qələmə aldığı, Vətən, yurd sevgisi ilə yoğrulmuş hər bir yazısı oxucuların qəlbinə yol tapıb. Muxtar Məmmədovun uzun illər mətbuat sahəsində çəkdiyi zəhmət dövlətimiz, muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib. 2011-ci ilin noyabr ayında “Şərq qapısı” qəzetinin 90 illik yubileyi ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ikiotaqlı mənzillə təmin edilib, 2015-ci ilin iyul ayının 15-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Qəzetin ərsəyə gəlməsində vacib elementlərdən biri də dizayn işidir. Yaxşı dizayn mətbuatın simasını formalaşdırır. Dizaynerin hər bir səhifəsində gedən qrafiklər, yazı başlıqları, yarımbaşlıqlar yerində və düzgün yerləşdirilməsi xüsusi istedad tələb edir. Bu işdə qəzetin görünməyən, lakin əsas sütunlarından biri olan məsul katibin müavini Məhəbbət Mirzəyevanın əməyi danılmazdır. Qəzetdə fəaliyyətinin 20 ili tamam olan bu xanım təvazökarlığı, hər bir əməkdaşa olan mehribançılığı, işində peşəkarlığı ilə seçilir. Məhz buna görə də Prezident cənab  İlham Əliyevin ötən il iyulun 22-də imzaladığı müvafiq  Sərəncamla “Tərəqqi” medalına layiq görülüb. Qəzetdə fəaliyyət göstərən istedadlı gənc dizaynerlər Tacirə Novruzova, Lətif Zeynalov hər bir materialın zövqlə, peşəkarlıqla və rəngarəng tərtib olunmasında ona yaxından köməklik göstərirlər. Görülən birgə iş qəzetin keyfiyyət göstəricisinə birbaşa təsir edir.

Mətbuatda   əsas ifadə  vasitələrindən biri də fotodur. Bir aforizmdə deyilir ki, sənətkarlıq görünməyənləri hamının görə biləcəyi kimi göstərməkdir. Qəzetdə bu iş fotoqraflar tərəfindən  peşəkarcasına yerinə yetirilir. Əsədulla Səfərov, Əli Xudiyev kimi uzun illərdir çalışan, peşəsinin vurğunu olan fotoqrafların Naxçıvanımızın dörd bir yerindən çəkdikləri şəkillər oxucuda bu diyar haqqında dolğun təəssürat yaradır,  eyni zamanda “Şərq qapısı”nın simasına yaraşıq qatır. Fotonun gücü ondadır ki, orada əks olunanları çox vaxt sözlə  demək olmur. Heç şübhəsiz ki, fotoqraflarımızın çəkdikləri hər bir uğurlu fotoşəkil tarixi sənəd, sübut, istinad obyekti kimi Naxçıvanımızı yaxından tanımaq istəyən hər kəs üçün çox dəyərli və qiymətli mənbədir.  

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.  Bu mənada qəzetin görünən qəhrəmanları jurnalistlərin başqa sözlə isə müxbirlərin üzərinə böyük  yük düşür. Onlar gündəlik həyatın ritmini tutan, operativlik, dəqiqlik nümayiş etdirən, faktla işləyən şəxslərdir. İnsanların maarifləndirilməsinə, bilgiləndirilməsinə xidmət edən, jurnalistikanın peşə-etik qaydalarını, prinsiplərini fəaliyyətində rəhbər tutanlardır. Onlar bəzən sevincli, bəzən kədərli, çox vaxt emosional olurlar. Daha çox düşünür, araşdırır, tapır, işlərini sevərək, canıyananlıqla görürlər. Onlar zəhmətkeş, vəfalı və vicdanlıdırlar. Hər şeydən əvvəl vətəndaşdırlar. Keçmişi yaşadan, bu günü təbliğ edən, sabahı düşünənlərdir Şərq qapısı” qəzetinin əməkdaşları. Qəzetin şöbə müdirləri Səbuhi Həsənov, Ramiyyə Əkbərova, Nail Əsgərov, müxbirləri Əli Cabbarov, Ceyhun Məmmədov, Gülcamal Tahirova, Telli Məmmədova, gənclərdən Məcid Əkbərov,  Aytac Cəfərli  muxtar  respublikamızın inkişafına öz qələmləri ilə töhfə verirlər. 

Qəzetimizin mehriban kollektivi vardır. Bu kollektivin bir üzvü kimi kompüter operatoru kimi Aygün Bağırovanın, texniki işçi Zöhrə Mirzəyevanın, sürücülərdən Oktay Süleymanovun, Tapdıq Həsənovun, mühasib Ziyəddin Cəfərovun, baş redaktorun köməkçisi Afət Orucovanın, mühafiz Cəlal Həsənovun  da adlarını  qeyd etmək istədim.  Qəzetin çapında isə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi əməkdaşlarının əməyi danılmazdır.

Yazının sonunda “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Mehriban Sultanovanın 100 yaşlı qəzetin kollektivi haqqında  fikirlərini təqdim edirəm: “Muxtar respublikanın aparıcı mətbuat orqanının baş redaktoru olmaq mənim üçün ən böyük şərəfdir və fəxarət hissidir, eyni zamanda məsuliyyətdir. Qadın olaraq bu məsuliyyəti daşımaq böyük iradə və güc tələb edir. Mən buna kollektivimizlə nail oluram. Qəzet kollektiv əməyin məsuldur. Orada adi bir fotonun, xəbərin operativ şəkildə işıqlandırılması, hansısa bir məqalə, müsahibə və reportajda ideyaların əhatə olunub oxucuya çatdırılması bütövlükdə qəzetin nəşrinə, fəaliyyətinə yansıyan ciddi hallardır. Oxucu zövqünə, tələbinə, müasir qəzetçilik standartlarına  uyğun tərtibat işini düzgün həyata keçirmək, gündəlik ritmi tutub mövzunu qruplaşdırmaq,  qaydalaşdırmaq böyük zəhmət tələb edir. Hər səhər gündəlik nömrəni ilk olaraq əlimə alanda dünənki prosesləri böyük sevinc, qürur hissi ilə yenidən yaşayıram. Şərq qapısı” qəzeti xəritəsinin ayrı-ayrı nöqtələrindəki yanan işıqları –kollektivimizin əməyini də orada görür, təsəvvür edirəm.  Bu məqamda korrekturanın, tərtibat işində Məhəbbət xanım başda olmaqla dizaynerlərimizin, kompüter operatorlarının əməyini xüsusilə qeyd etmək istəyərdim. Qəzet elə bir məhsuldur ki, damladan, zərrədən bir tam halına gəlib çıxır. Ən xırda xəbərin sərlövhəsindən tutmuş, ta sonuncu səhifədəki elanlara qədər hər birinin ərsəyə gəlmə prosesi, qəzetdəki mövqeyi və çəkisi vardır. Bacardığımız qədər çalışırıq ki, muxtar respublikamızın inkişaf ritmini, nəbzini tuta bilək. Bu, bizdən böyük məsuliyyət tələb edir, çünki hər hansı kiçik detal belə sabah tarixiləşir, arxivləşir. Kollektivimizlə birgə çalışırıq ki, muxtar respublika rəhbərinin mətbuata qayğısına layiqincə cavab verək, öhdəmizə düşən vəzifələri peşəkarcasına  həyata keçirək”.

Bu gün, sözün həqiqi mənasında, “Şərq qapısı”nın çox sağlam kollektivi vardır.  Nə xoşbəxtik ki,  muxtar respublikanın dünənini yaşadan, bu gününü tarixiləşdirən, sabahına inamla addımlayan, daim muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə əhatə olunmuş 100 yaşlı mətbuat orqanın əməkdaşlarıyıq. Bundan hədsiz qürur, fəxr hissləri keçiririk. Yubileyin mübarək, doğma qəzet, 200 yaşını qeyd etmək diləyi ilə!

 

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR