21 Dekabr 2024, Şənbə

“Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Bu müdrik kəlmələri ümummilli liderimiz Heydər Əliyev 1996-cı il aprelin 1-də Prezident sarayında Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşündə demişdir. O gün gəldi, uzaqgörən, dahi liderin dedikləri gerçəyə çevrildi. Heydər Əliyev yolunun layiqli davamçısı, ən az onun qədər cəsarətli insan, siyasi lider Prezident cənab İlham Əliyevin  qətiyyəti, gücü, iradəsi sayəsində Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Ermənistan işğalından azad olundu… 

 


Qədim insan məskəni, zəngin
meşələr, qiymətli və əlvan metallar diyarı

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Qərbdə Ermənistan, şimalda Daşkəsən, Xanlar (Göygöl), Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Mənbələrə əsasən deyə bilərik ki, sahəsi 3054 kvadratkilometr olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin əhalisinin sayı 94,1 min (01.01.2020) nəfərdir. Kəlbəcər əhalisinin 98 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və başqa millətlər təşkil edir.
“Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” mənasını verir. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Rayon ərazisində aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş əmək alətləri, qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri buranın qədim insanların yaşayış məskənlərindən biri olduğundan xəbər verir. “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq (bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və digər kəndlərin ərazisindədir) Kəlbəcərin türk tayfalarının məskəni olduğunu göstərir. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində ermənilərin işğalına qədər qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi, 1960-cı illərdən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib.
Zəngin meşələr diyarı olan Kəlbəcərdə 24 min hektar meşə ərazisi, yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin dərmanı olan İstisu, başından qarı, tufanı, çəni əskik olmayan Murovdağ, görünüşü ilə diqqəti cəlb edən Dəlidağ, ən böyük çay Tərtərçay məhz bu ərazidə yerləşir. O zaman Qafqaz geologiyasının atası hesab edilən V. Avixin Kəlbəcər haqqında dediyi “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o, məftun ola bilər” sözləri heç də təsadüfi deyil. Elə təkcə təbiətin Kəlbəcərə bəxş etdiyi hədiyyə, min bir dərdin dərmanı olan İstisu mineral bulaq suyu kifayət edir ki, Kəlbəcəri hamı tanısın. Kəlbəcər həm də faydalı qazıntı yataqları ilə məşhurdur. Onlardan ən qiymətlisi qızıl və civə yataqlarıdır. Ağduzdağ filiz sahəsi, Mehmana filiz rayonu, Zod-Tutxun filiz rayonu qızılı, Şorbulaq və Ağyataq, Lev kəndləri, Tanrıyoxuşu dağı civəsi ilə zəngindir. Məlumdur ki, 27 il idi ki, Kəlbəcərin zəngin qızıl yataqları, təbii sərvətləri ermənilər tərəfindən talan edilir, mənimsənilirdi. Kəlbəcərin ötən il işğaldan azad olunması ilə buna da son qoyuldu.

Kəlbəcər necə işğal edilmişdi?

Bunun cavabını ən dəqiq formada ümummilli liderimiz Heydər Əliyev vermişdir: “Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər isə 1993-cü il martın sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlüklə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdir. Amma Kəlbəcər bir ada kimi qalmışdır. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, ikinci tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi və Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt edilmiş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxartmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, bunu o vaxt etməyiblər. ...Xəyanət, satqınlıq, ayrı-ayrı məqsədlər olubdur”.
Aydın səbəblərdən Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edildi. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovuldu. Rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və sair talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Kəlbəcərin ermənilər tərəfindən dağıdılmış mədəni abidələri içərisində Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və başqaları vardır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etsə də, həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi.
Bəli, həmin o dan 2020-ci il sentyabrın 27-də söküldü. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə Kəlbəcərin də bir güllə atmadan geri qaytarılmasında mühüm rol oynadı. Ötən il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcərin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Məğlubiyyətlə barışa bilməyən ermənilər fürsətdən istifadə edərək bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirdi, evləri, meşələri vəhşicəsinə yandırdı. Nəhayət, 2020-ci il 25 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edildi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq nəzarəti ələ aldı.

Kəlbəcərə həyat qayıdır

Dövlətimizin başçısının xüsusi diqqəti ilə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilir. Bu il avqustun 16-da Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bu bir daha öz təsdiqini tapdı. Belə ki, Kəlbəcərə gedən yol boyunca tunellər tikilir, enerji infrastrukturu yaradılır. Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində yenidən qurulan 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsinə öz töhfəsini verəcək. O cümlədən heyvandarlığın, eləcə də kənd təsərrüfatının digər sahələrinin inkişafı gələcəkdə rayon ərazisində yaşayan insanların rifah halının yaxşılaşmasında mühüm rol oynayacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR