26 Aprel 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İRS mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi keçirilib.


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, onların asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin mədəni həyatındakı iştirakları təmin edilir. Uşaqların növbəti rəsm sərgisi də rəngarəng və maraqlıdır, bir sıra xüsusiyyətləri ilə seçilir. 44 günlük şanlı Vətən müharibəsində əldə etdiyimiz Qələbə uşaqların çəkdikləri rəsm əsərlərində çox gözəl ifadəsini tapıb. Rəsmlərdə qəhrəman əsgərlərimiz, şəhidlərimiz, tarixi abidələrimiz, milli dəyərlərimiz əks olunub. Görünür ki, gələcəyin istedadlı rəssamları yetişir və onlar gələcəkdə Rəssamlar Birliyinin üzvü kimi də fəaliyyət göstərə biləcəklər.
Təhsil Nazirliyinin əməkdaşı Murad Babayev çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Qeyd edim ki, muxtar respublikada təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən biri də məktəbdənkənar tərbiyə müəssisələrində yaradılan innovativ dərnəklərdir. Dərnəklərdə rəssamlığa marağı olan uşaqlar iştirak edirlər. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün bu dərnəklərin xüsusi rolu vardır. Uşaqların rəsm sərgisi gələcəkdə onların yaxşı sənət adamı kimi formalaşmasında əhəmiyyətli rol oynayır.
Əl işləri ilə fərqlənən uşaqlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış olub. Burada “Ordumuz qürurumuzdur”, “Şəhidlər ölmür”, “Dəmir yumruq”, “Şuşa” və digər rəsmlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi salonunda 70 istedadlı uşağın 106 əl işi nümayiş olunub. Sərgi bir həftə davam edəcək.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR