15 Yanvar 2025, Çərşənbə

Peşəmlə əlaqədar ümumtəhsil məktəblərində tez-tez oluram. Bu günlərdə nümunəvi sinif rəhbəri haqqında yazmaq qərarına gəlmişdim. Odur ki, əvvəlcədən müəyyənləşdirdiyim Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbə getdim. Fikrimi bildirərək məktəb direktorunun məsləhət gördüyü müəllimin rəhbərlik etdiyi sinfə baş çəkdim. Nə görsəm, yaxşıdır? 15 şagirddən cəmi 8-i dərsdə iştirak edirdi. Təəccübləndiyimi görən direktor dilləndi:
– Yeddi şagirdimiz müəllim yanına hazırlığa gedir.
“Nümunəvi” sinif rəhbəri isə əlavə etdi:
– Həmin şagirdlərə özümüz icazə vermişik. İnanırıq ki, onlar ali məktəblərə qəbul imtahanlarında daha çox bal toplayacaq, başımızı uca, üzümüzü ağ edəcəklər. Odur ki, fənn müəllimləri ilə məsləhətləşmişik, onlara “qayıb” yazılmaması qərarına gəlmişik.
– Deməli, sinifdə əyləşən bu uşaqların biliyinə güvənmirsiniz, eləmi?

Nə direktor, nə də sinif rəhbəri dilləndi, sualım cavabsız qaldı. Öyrəndim ki, müəllim dərsə icmalsız gəlib. Keçəcəyi mövzuya aid əyani vəsait də gətirməyib. Burada hansı dərs keyfiyyətindən söhbət gedə bilərdi? Düşündüm ki, vay həmin şagirdlərin halına: onlar ki taleyin ümidinə buraxılıblar...
Müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün “təhsilin üzünü ağardanlar” repetitorlardır.
Əlbəttə, əlavə hazırlıqla məşğul olmağa davamiyyətə mane olmadıqda heç kəsin sözü yoxdur. Lakin bəzi məktəblərdə elə şagirdlər var ki, buna görə həftələrlə məktəbə gəlmirlər. Belə xoşagəlməz hallara isə nəinki bir çox məktəb rəhbərləri və müəllimlər göz yumur, hətta açıq-aşkar buna şərait də yaradırlar.
Tədbirə dəvət olunduğum Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə isə daha bir xoşagəlməz vəziyyətlə qarşılaşdım. Mən həmin təhsil ocağına çatanda şagirdlər böyük tənəffüsə çıxmışdılar. Çoxunun da qulağında mobil telefon kiminləsə danışırdılar. Az-az uşaqların əlində kitab görünürdü.
Qeyri-ixtiyari olaraq dünənki əhvalat yadıma düşdü. Qızımın mobil telefonuna zəng elədim. Naxçıvan şəhər məktəblərinin birində oxuyan nəvəm cavab verdi. Salamlaşdıqdan sonra harda olduğunu soruşdum. “Məktəbdə, dərsdəyəm, baba” cavabını eşitdim. Elə bildim ki, valideyni də onun yanındadır, odur ki, “telefonu anana ver”, – dedim. “Anam evdədir”, – söylədi.
Qızımgilin ev telefonuna zəng çaldım. Dəstəyi qaldırdı. Hal-əhvaldan sonra dedim ki, mobil telefonuna zəng eləmişdim.
– Bağışla, ata, telefonumu qızıma vermişəm. Məni üzdən-gözdən salıb. Deyir ki, məktəbimizdə, sinfimizdə çoxlarının mobil telefonu var, mənimki niyə olmasın? Doğrusu, ürəyini sındırmadım. Başa düşürəm ki, səhv eləmişəm.
Cavabım sərt oldu:
– Elədir ki, var. Böyük qəbahətə yol vermisən. Axı sən pedaqoqsan. Sən övladını dərsə göndərirsən, yoxsa telefonla danışmağa?
Məktəb direktoru da, deyəsən, düşündüklərimi hiss etmişdi:
– Məsələ siz bildiyinizdən də mürəkkəbdir. Bilmirik, bunun axırı necə olacaq? Valideynlər sanki bəhsə giriblər: hərəsi bir telefon alıb verib uşağına! Şagirdlər məktəbə nəinki telefonla gəlir, hətta dərs zamanı bir-birinə ismarışlar da ötürürlər. İndi gəl buna döz görüm, necə dözürsən! Valideyn şurasının iclasını keçirmək də müşkülə çevrilib. Ən yaxşı halda onlardan ancaq 3-4 nəfəri yığıncağa gəlir. Açığı, bu vəziyyətin qarşısını ala bilmirik!
Görəsən, direktor, onun müavinləri və müəllimlər bu məsələnin həllində, doğrudanmı, acizdirlər?
Yadıma daha bir əhvalat düşdü. Ötən əsrin 60-cı illərində Şərur rayonunun Tumaslı kənd tam orta məktəbində oxuyurdum. Bir gün səhər dərsə gedərkən gördüm ki, direktorumuz məktəbin giriş qapısında dayanıb şagirdləri bir-bir yoxladıqdan sonra içəri buraxır. Direktor qızlardan xeyli miqdarda sırğa, üzük, oğlanlardan isə boyunbağı yığmışdı. O vaxt şagirdlərin zinət əşyaları taxması, bər-bəzəkli paltar geyinməsi modda idi. Direktorumuzun tənəli sözləri indi də qulaqlarımda əks-səda verir: “Mən başa düşə bilmirəm ki, siz məktəbə zinət əşyalarınızı nümayiş etdirməyə, yoxsa elm öyrənməyə gəlirsiniz?” Səhəri bütün valideynlər məktəbə toplaşmışdılar. Mənə elə gəlir ki, valideyn şurasının iclası da çox ciddi keçmişdi. Çünki o gündən sonra daha heç bir şagirdin üzərində zinət əşyası görünmədi.
İndi direktorun mobil telefonları ciblərdən, çantalardan yığışdıra bilməməsi mənə inandırıcı gəlmirdi. Axı bunun üçün heç də “Amerika kəşf etmək” lazım deyil, sadəcə olaraq, təşəbbüskarlıq, prinsipiallıq göstərmək kifayətdir. Bax bu çatmır!
Təhsil hər bir millətin gələcəyidir. Bu gün parta arxasında əyləşən şagird sabahın tələbəsi, o biri günün müəllimi, həkimi, mühəndisi, digər peşə sahibi, ən başlıcası isə vətəndaşıdır. Məktəbin, müəllimin hər bir insanın taleyində nə kimi rol oynadığını izah etməyə heç də ehtiyac yoxdur. Dərsə davamlı şəkildə gəlməyən, yaxşı oxumayan, müəllimin tapşırığına qulaq asmayanların aqibəti isə hamıya bəllidir.
Şübhə yoxdur ki, hər bir ata-ana uşağının xoşbəxt olmasını istəyir. Lakin arzu hələ reallıq deyil! Arzuya çatmaq üçün valideyn övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olmalı, onu ərköyün böyütməməlidir. Varlı-karlı ailələrin öz uşaqlarını bu şəkildə böyütdüklərinin çox şahidi olmuşuq. Ata-ana dünyadan köçdükdən sonra həmin adamlar peşmançılıq çəkirlər, “vaxtında özümə bir gün ağlamadım”, – deyirlər.
Yeri gəlmişkən bir problemə də toxunmağı lazım bilirəm. O problem ki, bu gün onu çoxumuz müşahidə edirik, lakin əhəmiyyət vermirik. Bu, məktəbli çantası ilə bağlıdır. Məktəbli çantasında şagirdin dəftər-kitabları, rəsm albomları, qələmləri, dərs vəsaitləri və digər dərs ləvazimatları yer alır. Şagirdlər həmin çantanı piyada, avtobuslarda, soyuqda, yağışda, qarda daşımalı, nəhayət, məktəbin pilləkənlərindən yuxarı çıxarmalı, sonra da aşağı düşürməlidirlər. Bütün bu sadalananlar haqqında valideynlər xüsusilə düşünməlidirlər. Düşünməlidirlər ki, uşaqların artıq yüklə yüklənməsi onların həm fiziki, həm zehni, həm də psixi inkişafına bilavasitə təsir göstərir. Bunun üçün mütəxəssislər valideynlərə uşaqları üçün böyük, ağır, geniş, dəmirqollu çantalar əvəzinə, məktəblinin boyuna və çəkisinə uyğun sadə, kip çantalar almalarını məsləhət görürlər. Unudulmamalıdır ki, ağır çantalar məktəblinin inkişaf etməkdə olan oynaq və əzələ strukturlarında müəyyən problemlərin yaranmasına səbəb olur. Ağır çanta daşınmamasına valideynlər həm də uşaqların çantalarını gündəlik dərs cədvəlləri əsasında lazım olan vəsaitlərlə yükləməsini təmin etməklə nəzarət etməlidirlər.
Bundan başqa, uşaqlara bahalı, bəzəkli çanta almaq da arzuolunan deyil. Çünki həmin uşağın o bahalı, bəzəkli və dəbdəbəli çanta götürmək imkanı olmayan şagird yoldaşı ola bilər. Bu isə həmin şagirdin bilavasitə psixologiyasına, nəticə etibarilə, dərsə hazır­lığına mənfi təsir göstərəcək.
Düşünəndə ki, təhsil millətin gələcəyidir, o zaman bu işdə ümumtəhsil məktəbləri ilə yanaşı, valideynlər də böyük məsuliyyət daşıyırlar. Və bu məsuliyyət hər iki tərəfin – məktəbin və valideynin dərk etməli olduğu ən əsas vəzifələrin lazımınca yerinə yetirməsi deməkdir. Əks təqdirdə, gələcək nəsillər bizi bağışlamaz!

Cəfər ƏLİYEV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR