Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 26 fevral Xocalı faciəsi ilə əlaqədar “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda üçüncü muxtar respublika inşa yazı, şeir və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev, Yazıçılar Birliyinin sədri Asim Yadigar və Rəssamlar Birliyinin əməkdaşı Bəhruz Quliyev çıxış edərək Xocalı faciəsinin kökündə dayanan səbəblər və faciə haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, müsabiqəyə 10 inşa yazı, 10 şeir və 24 rəsm işi təqdim olunmuşdur. İnşa yazı müsabiqəsində Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Elnurə Tahirova birinci, Şahbuz rayon Qızıl Qışlaq kənd tam orta məktəbinin IX sinif şagirdi Elvin Həziyev ikinci, Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Ayişə Əsgərli üçüncü yerlərin sahibi olmuşlar.
Rəsm müsabiqəsində müvafiq yerləri Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Lamiyə Abbasova, Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Fərmin Bağırov, Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Məsum Zamanov tutmuşlar.
Şeir müsabiqəsində Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbinin IX sinif şagirdi Röya Mirzəli birinci, Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbinin XI sinif şagirdi Aysu Məmmədova ikinci, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Şahnaz Əhmədova üçüncü yerlərə layiq görülmüşlər.
Qaliblərə diplomlar verilmişdir.
Xəbərlər şöbəsi