Naxçıvan Dövlət Universitetində Boloniya sisteminin tam tətbiqi məqsədilə tələbə mobilliyini artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın başqa ali məktəblərində təhsil almalarını, digər universitetlərin tələbələrinin buraya cəlb olunmasını təmin etmək istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Gürcüstanın Acarıstan Muxtar Respublikasında yerləşən Şota Rustaveli adına Batumi Dövlət Universiteti ilə əlaqələr də məhz bu istiqamətdə inkişaf etməkdədir.
Bu günlərdə Batumi Dövlət Universitetinin 4 tələbəsi onları müşayiət edən müəllimlərlə birgə 2012-2013-cü tədris ilinin II semestri ərzində təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirmək üçün Naxçıvana gəlmişlər. Universitetin rektoru, akademik İsa Həbibbəyli qonaqlara bildirmişdir ki, 2012-ci ilin iyun ayında Acarıstan nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində iki universitet arasında elm, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Qurulan faydalı əməkdaşlığın davamı kimi 4 nəfər bakalavr 2012-2013-cü tədris ilinin I semestri ərzində təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində davam etdirmiş, universitetin Tarix-filologiya, Sosial-idarəetmə və hüquq, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin tələbələrindən ibarət 13 nəfərlik nümayəndə heyətinin yay istehsalat təcrübəsi ilə bağlı Batumi Dövlət Universitetinə səfəri uğurlu keçmişdir. Elmi əməkdaşlıq sahəsində də mühüm işlər görülmüş, universitet əməkdaşları bir sıra beynəlxalq konfrans və simpoziumlarda birgə iştirak etmişlər. Rektor əlaqələrin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görüləcək işlərdən bəhs etmiş, gürcüstanlı tələbələrin universitetdə təhsil almaları üçün hərtərəfli şərait yaradıldığını bildirmişdir.
Tədbirdə Batumi Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, professor Lile Tandilava, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Maqutadze, bir semestr ərzində təhsillərini Batumi Dövlət Universitetində davam etdirən tələbələr adından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə II kurs tələbəsi Fətəlixan Hüseynli birgə əməkdaşlığın ölkələrarası münasibətlərin inkişafındakı rolundan, tələbə mübadiləsinin əhəmiyyətindən danışmışlar.
Mehriban SULTAN