15 Yanvar 2025, Çərşənbə

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Kurikulum və şəxsiyyətyönümlü təlim” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən konfransı giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açaraq tədbirin məqsəd və mahiyyətindən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Şəxsiyyətyönümlü kurikulumun mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Şəxsiyyətyönümlü kurikulumlar, bilavasitə, həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlərinin, əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir, tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Həmin biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur.

Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Buradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması üçün əhəmiyyət kəsb edən və bilavasitə, insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov “Şəxsiyyətin formalaşmasına təsir edən amillər” adlı məruzəsində bildirib ki, insan şəxsiyyəti müxtəlif amillərin nəticəsində formalaşır. Şəxsiyyətin formalaşmasına təsir edən amillər çoxcəhətlidir: onlar daxili və xarici, təbii və ictimai, subyektiv və obyektiv, planlı və kortəbii olur.
Vurğulanıb ki, fərd olaraq dünyaya gələn hər bir insan 3 əsas amilin təsiri ilə şəxsiyyətə çevrilir. Pedaqoq və psixoloqlar həmin amilləri bu cür təsnif edirlər: mühit, tərbiyə və irsiyyət. Alimin sözlərinə görə, şəxsiyyətin formalaşması fərdin yaşadığı mühitin sağlamlığından, insani keyfiyyətləri, əxlaqi dəyərləri təlqin edən tərbiyədən və nəhayət, müəyyən təbii imkanları ilə hər bir fərdi səciyyələndirən qabiliyyət və bacarıqlar məcmusu olan irsi amildən əsaslı surətdə asılıdır. Bu amillər içərisində tərbiyənin xüsusi önəm daşıdığını deyən Kamal Camalov əlavə edib ki, digər amillər məhz düzgün və məqsədli tərbiyə zamanı şəxsiyyətin formalaşmasına öz müsbət təsirini göstərə bilir.
Sonra məruzələr ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR