15 Yanvar 2025, Çərşənbə

Bilik və savadın hər şeydən üstün sayıldığı bir cəmiyyətdə yaşamaq hamının arzusudur. İnsanlar artıq dünyada inkişafa gedən yolun təhsildən keçdiyini, savadlı gənc­liyə sərf olunmuş sərmayənin ən doğru yatırım olduğunu çoxdan dərk etmişlər. Artıq hamı bilir ki, hər kəsin əziyyətlə əldə etdiyi elmi, bacarığı dünyanın harasında, hansı şəraitdə olmasından asılı olmayaraq, həmişə ona məxsusdur və o, öz sahibinə – savadlı insana, onun ailəsinə, ölkəsinə fayda gətirəcək və şöhrət qazandıracaqdır.
Hər bir cəmiyyət yeni bir inkişaf mərhələsinə keçdikcə onun özünəməxsus tələbləri və buna uyğun inkişaf meyilləri yaranır. Yeni cəmiyyət quruculuğu istər təkamül, istərsə də inqilabi yolla olsun, bu zaman ən ağır çətinliklərdən biri də təhsilin üzərinə düşür. Tarixən insanların yeni tələbatlarının dərk olunmasında, şəxsiyyət, hüquq, sosial məsuliyyət, mənafe və vətənpərvərlik kimi təməl anlayışların gənc nəslə aşılanmasında təhsilin mühüm rolu olmuş, gələcəyə proqramlanmış hər bir addımın inandırıcılığı elm xadimi və təhsil işçilərindən soruşulmuşdur. Ona görə də təhsilə bir an da olsun laqeyd münasibət göstərmədən xalqın hər bir övladını öz doğma övladı kimi əzizləyib, ona işıqlı yollarla irəliləmək imkanı yaratmaq fədakar müəllim qədər dövlətin də ən ali məqsədləri arasındadır.

Dövlətimizin strateji məqsədləri sırasında sürətlə yenilənməyə uyğunlaşa bilən milli kadrların yetişdirilməsi mühüm yer tutur. Artıq yaxın gələcəkdə dövlətin mühüm idarəetmə pillələrində yer tutacaq mütərəqqi gənclik, hər cür ətaləti, mühafizəkarlığı dəf edib, şəffaf, cəsarətli və yenilikçi qərarları ilə bütün cəmiyyətin maraq və mənafelərini təmin edən bir intellektual qüvvəmiz olacaqdır. Buna nail olmaq üçün ölkəmizdə və muxtar respublikamızda yeni təhsil müəssisələrinin istifadəyə verilməsi, onların kadr potensialının möhkəmləndirilməsinə göstərilən qayğı bu sahədəki ən uzaqgörən addımlardandır. 
Təhsil öz məzmununa görə insana elm üçün lazım olan informasiyanın toplanması və onun ötürülməsi prosesidir. Bu proses zamanın tələbinə görə daimi olaraq təkmilləşib cəmiyyətdəki digər proseslərlə ayaqlaşmalı, onlardan heç də geri qalmamalıdır. Başqa sözlə, təhsildə yeni texnologiyaların tətbiqi iqtisadi və sosial-mədəni sahələrin heç birindən geri qalmamalı, tam əksinə, öz həyatiliyinə görə onların hamısından üstün olmalıdır. Təhsil işçisinin tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə edə bilməməsi artıq qətiyyən yolverilməzdir. Bu gün ahıl yaşın astanasında belə, öz tələbə və şagirdlərindən geri qalmamaq üçün kompyuter öyrənən və buna çoxlu vaxt sərf edən xeyli sayda müəllimlərimiz olduğu kimi, artıq köhnəlmiş disketlərdə beş-on səhifəlik yazı ilə baş girələmək istəyən müxtəlif dərəcəli təhsil işçilərimiz də vardır. Kompyuterin insan sağlamlığına zərərlərini bəhanə gətirən belə “kadrlar”la mübarizədə zaman öz sözünü deyir. Böyüyən gənc nəslin təlim və tərbiyəsində dövlətimiz tərəfindən yaradılmış ən müasir infrastruktur, elektron tədris vasitələrinin tam gücü ilə bu məqsədə yönəldilməsi, insanların təhsilin ən mütərəqqi, ən məhsuldar vasitələrindən istifadəsinə kütləvi maraq və tələbat formalaşdırılması günün vacib məsələsidir. Buna isə bizim kifayət qədər imkan və şəraitimiz vardır. Hələ şəxsi istifadədə olan İKT vasitələrini bir kənara qoysaq, dövlətin son illər ərzində ümumtəhsil və ali məktəblərdə yaratdığı şərait bunu həyata keçirmək üçün dəfələrlə kifayət edir. 2012-ci ildə muxtar respublikamızın ümumtəhsil məktəblərində yüksəksürətli internetə qoşulmuş 3183 kompyuter olmuşdur ki, bu da 2011-ci ildəkindən 287 ədəd çoxdur. Hazırda muxtar respublikada hər 15 şagirdə bir kom­pyuter düşür. Məktəblərdə quraşdırılmış 500 elektron lövhə, lokal şəbəkələr, hər cür ofis işlərini yerinə yetirmək üçün müasir avadanlıqlar interaktiv tədrisin keçirilməsinə şərait yaratmışdır. Sübhəsiz, muxtar respublikamızda yaradılmış bu şərait yüksək nəticələrlə öz bəhrəsini verməkdədir. 2010 və 2012-ci ildə 1-ci ixtisas qrupu üzrə 2 nəfər muxtar respublikamızın yetirməsi 690 balla ölkə birincisi olmuşdur. Lakin bununla yanaşı, yetkin kadr çatışmazlığı ucbatından elektron təhsil avadanlıqlarına formal xarakterli yanaşmalar da az deyildir. Bilməliyik ki, bütün bunlar dövlətimiz tərəfindən bizə məhsuldar istifadə üçün verilmişdir. Bu il fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə qeyd olunduğu kimi: “Ümumtəhsil müəssisələrinin hamısının ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmasına baxmayaraq, tədrisin müasir tələblər səviyyəsində təşkili, tədris zamanı müasir interaktiv metodlardan istifadə lazımi səviyyədə deyil”.
Təhsildə elektron tədris vasitələrindən istifadə dövrün tələbidir. Cəmiyyət inkişaf edib informasiya bolluğu yarandıqca bütün sahələrdə olduğu kimi, təhsildə də informasiyanın alınması, emal olunub saxlanılması və ötürülməsi üçün ən yeni texnoloji avadanlıqların tətbiqi zəruri hala gəlir. Ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında elektron hökumət layihəsi istiqamətində həyata keçirilən hər bir addım bu istiqamətdə öz bəhrəsini verməkdə, insanlar öz gündəlik həyat və fəaliyyətlərində bunların etibarlılığını, rahatlığını və sürətliliyini, ekoloji təmizliyini və şəffaflığını açıq-aydın görməkdədirlər. Cəmiyyətimiz praktik olaraq elektron təhsilə ilk addımlarını atmış, distant təhsilə keçidin üstünlükləri görünməyə başlamışdır. Artıq dünyadakı qloballaşma proseslərindən geri qalma­mağa çalışırıqsa, on il əvvəlki tədris proqramlarından on dəfə artıq həcmdə məlumatlarla şagird və tələbələrin qarşısına çıxmağa da hazır olmalıyıq. Əks halda rəhmətlik Sabirin məşhur “əcnəbi göydə balonlarla gəzir...” misrasını yenə sitat gətirməli olacağıq. Ölkəmizin müasir iqtisadi və mədəni inkişaf səviyyəsində isə heç birimizin buna haqqı yoxdur.

Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR