Təqdimat mərasimini giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, Boloniya prosesinə qoşulmanın, kredit təhsil sisteminin tətbiqinin, tibbi təhsildə rezidentura mərhələsinə keçidin əsas məqsədi təhsilin ən mükəmməl səviyyədə inkişafına nail olmaqdır. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu formalaşma və inteqrasiya Tempus proqramında öz əksini tapmışdır. Tempus tərəfdaş ölkələrdə olan təhsil müəssisələrinin Avropadakı universitetlərlə əməkdaşlığını nəzərdə tutur. Bu proqramda səmərəli əməkdaşlıq, təhsildə Avropa standartlarına dair təcrübənin bölüşülməsi, bazar iqtisadiyyatına uyğun təhsil gündəliklərinin və proqramların diqqətlə müzakirə olunması, müasir ədəbiyyatla təminat, tədrisin səviyyəsinin artırılması üçün məşğələlər, tələbələrin xaricdə təhsil alması, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının tətbiqi nəzərdə tutulur. Rektor vurğulamışdır ki, Naxçıvan Dövlət Universiteti Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısıdır. Layihələrdən biri də Tibb fakültəsini əhatə edir.
Universitetin Pediatriya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru, “Tempus-Mumeena” layihəsinin koordinatoru Elmar Rzayev məruzəsində qeyd etmişdir ki, universitetin bir çox əməkdaşı Avropa təcrübəsini öyrənmək və treninqlərdə iştirak etmək üçün müxtəlif universitetlərdə olmuş, tibb təhsilində yeni tədris-təlim metodlarını mənimsəmişlər. Bildirilmişdir ki, Naxçıvan Dövlət Universitetinin qoşulduğu “Tempus-Mumeena” layihəsi Avropadakı tibb təhsilinin modelini əks etdirir. Universitetin Tibb fakültəsi 2012-ci ildən bu proqrama qoşulmuşdur. Ötən il ərzində Tibb fakültəsinin bəzi əməkdaşları Niderlandın, İngiltərənin, İspaniyanın, Gürcüstanın və Ukraynanın universitetlərində keçirilən treninqlərdə iştirak etmişlər.
Sonra Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov, Ümumi təbabət və gigiyena kafedrasının müdiri, dosent Malikəjdər İbrahimov və həkim-rezident Sara Rəhimlinin çıxışları olmuşdur. Çıxışlarda tədris üsullarının yenilənməsi, tələbələrin qiymətləndirilməsi üçün müasir metodlardan istifadə etmək, sərbəst klinik müayinə aparmaq, həkimdən qabaq ilkin diaqnoz təyin etmək kimi bacarıq və vərdişlərin aşılanması üçün Avropa tibb təhsilinin qabaqcıl təcrübələrindən istifadənin önəmi vurğulanmışdır.
Mina Qasımova