Naxçıvan Dövlət Universitetində iqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində” və “Bura Naxçıvandır” adlı kitablarının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev yeni nəşrləri Naxçıvan turizm və jurnalistika məktəbinə mühüm töhfə olaraq dəyərləndirib. Qeyd edilib ki, nəşr həm də ötən il 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan “Şərq qapısı” qəzetinin turizm sahəsindəki yığcam hesabatı da sayıla bilər. Rektor müəllifin ali təhsil ocağında müəllim kimi fəaliyyətini də yüksək qiymətləndirərək kitabları Turizm və Jurnalistika ixtisaslarında təhsil alan tələbələr üçün qiymətli mənbə olduğunu qeyd edib. Rektor “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində” kitabının bu əhəmiyyətinin nəzərə alınaraq universitet Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq olunduğunu diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, turizmin inkişafı geniş miqyasda onun təbliğindən asılıdır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında turizmin təbliğatında “Şərq qapısı” qəzetinin böyük rolu olub. Tarixi abidələrin turizmdə rolundan bəhs edən tarixçi alim vurğulayıb ki, Əli Cabbarov bu kitablarında muxtar respublikanın turizm potensialı haqqında geniş məlumat verib.
Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova bildirib ki, “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində” adlı kitabda qəzetin 1940-cı illərdən başlayaraq bu gün üçün əhəmiyyət daşıyan turizm, tarix, mədəniyyət mövzusundakı yazıları və mühüm siyasi əhəmiyyətli hadisələr haqqındakı rəsmi xəbərlər barədə məlumatlar öz əksini tapıb.
“Şərq qapısı” qəzetinin İqtisadiyyat və təhlil şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Səbuhi Həsənov müəllifin gərgin və məhsuldar jurnalistlik fəaliyyətinin bəhrəsi olan kitablarının turizm tədrisinə xüsusi töhfə verdiyini ifadə edib, materialların, janr, mövzu etibarilə qruplaşdırılmasını diqqətə çatdırıb. Qeyd olunub ki, kitab Turizm və Jurnalistika ixtisasında təhsil alan tələbələr, həmçinin oxucular üçün faydalı mənbə olacaq.
Tədbirdə çıxış edənlər son illər ölkəmizdə turizmin inkişafı naminə görülən işlərdən danışıb və turizm sahəsinə yeni töhfələr verəcək bu nəşrləri elmi-kütləvilik baxımından yüksək qiymətləndiriblər.
Sonda Əli Cabbarov çıxış edərək muxtar respublikada digər sahələrlə yanaşı, turizmin inkişafının da aparılan uğurlu siyasətin bəhrəsi kimi səciyyələndirib, bu sahəyə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi