Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 10-dan etibarən builki imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayıb.
DİM-dən bildirilib ki, müsahibələr 895 namizəd üçün respublikanın bütün şəhər və rayonlarında keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan olan namizədlər üçün müsahibələr DİM-in inzibati binasında (Həsən Əliyev küçəsi, 299) təşkil olunacaq.
Müsahibələrə yanvarın 7-dək DİM-in saytında müvafiq hissədə qeydiyyatdan keçən şəxslər dəvət olunurlar.
Martın 10-dək davam edəcək müsahibələr Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Müsahibənin günü, saatı və ünvanı namizədə elektron anketdə daxil etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildiriləcək.
Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq, məlumatlarda hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq. Müsahibə və təlimlərdə iştirak üçün namizədlərdən ödəniş tələb olunmur.