Təhsil millətin gələcəyidir
Elmi-tarixi inkişafın bütün mərhələlərində olduğu kimi, muxtar respublikamızın müasir dövrdə də öz uğurları ilə seçilən təhsil şəraiti dinamik inkişaf yolundadır. Böyük fəxrlə deyə bilərik ki, doğma diyarımızda elm-təhsil sahəsində qazanılan uğurlar ölkəmizin ən qabaqcıl, prestijli və bir-birindən zəngin yenilikçi ideyaların ünvanı olan Naxçıvan Dövlət Universitetində də mövcuddur. Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər” yüksək fikirləri bir daha dediklərimizi təsdiq edir.
Bu ali təhsil ocağı, sözün həqiqi mənasında, ölkənin ən nüfuzlu, mütərəqqi ənənələrə malik elm, təhsil məbədgahıdır. Universitetin müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturunun qurulması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun digər sahələrdə olduğu kimi, təhsilin inkişafında da ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətinin bəhrələridir. Bir-birindən gözəl tədris korpuslarının inşa edilməsi və ya yenidən qurulması, onların müasir tədris vasitələrilə təmin edilməsi sahəsində görülən işlər Ali Məclis Sədrinin universitetin professor-müəllim heyətinə, çoxminli tələbə kontingentinə qayğısının ifadəsidir. Təsadüfi deyil ki, doğma universitetimiz ölkə miqyasında, o cümlədən beynəlxalq təhsil arenasında da qarşılıqlı əməkdaşlıq sahəsində əldə etdiyi uğurlarla bu gün dünya ölkələrinin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, son illərdə Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələrin sayına görə ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları içərisində ilk sıralardadır. Belə ki, təhsil ocağında Cənubi Koreya, Pakistan, Türkiyə, Özbəkistan, Nigeriya və bir neçə ölkənin vətəndaşları müvafiq ixtisaslar üzrə təhsil alır. Ən böyük üstünlüyü isə qardaş Türkiyə Respublikasının tələbə-gəncləri təşkil edir. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin ifadəsi kimi Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin ötən il 8-16 iyul tarixlərdə Türkiyənin prestijli universitetlərinə rəsmi səfər etməsi bir daha bunu təsdiq edir. Qeyd etmək yerinə düşər ki, ötən ildə baş tutan bu səfər çərçivəsində Türkiyənin ən nüfuzlu universitetləri ilə beynəlxalq səviyyədə əməkdaşlıq müqavilələri imzalanmışdır. Əlavə olaraq 3 sentyabr 2021-ci il tarixdə “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti də yer almışdır. Ali təhsil ocağına müəyyən vaxtlarda səfər etmiş diplomatik səfir və nümayəndələr ilə akademik və rəsmi səviyyədə görüşlər keçirilmiş, həmin ölkələrin ali təhsil müəssisələri ilə də beynəlxalq əlaqələrin qurulması sahəsində bir sıra addımlar atılmışdır. Universitetin beynəlxalq əlaqə müstəvisində ard-arda əldə etdiyi bu uğurlar özlüyündə tariximizin səhifələrinə günümüzün reallıqları kimi yazılır. Son olaraq bir məqamı da məxsusi olaraq vurğulamaq lazımdır ki, hər bir sahədə əldə edilən uğurların təməlində peşəyə duyulan dərin ehtiram, dövlətçilik ənənələrinə sıx bağlılıq, Vətəni sevib-sevdirmək məramı dayanmaqdadır. Bu gün doğma universitetimizin inkişaf və tərəqqi simasını qazanmasında ölkə və muxtar respublika rəhbərlinin diqqəti əvəzsiz rol oynayır. Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayevin də bu uğurlarda özünəməxsus payı vardır. Uzun illər muxtar respublikamızda pedaqoji fəaliyyət göstərən, vaxtilə hazırda rəhbərlik etdiyi ali təhsil ocağının məzunu olan Elbrus İsayevin bu günlərdə əldə etdiyi növbəti uğuru – “2021-ci ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunun qalibi seçilməsi muxtar respublika ictimaiyyətinin, universitet kollektivinin sevincinə səbəb oldu.
Qazanılan uğurlarla uzun illər ali təhsil ocağında pedaqoji fəaliyyət göstərən professor-müəllim və tələbə kollektivinin gözü ilə daha yaxından tanış olduq.
İlk müsahibimiz, Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov bizimlə söhbət zamanı dedi: Ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ötən dövr ərzində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Böyük qürurla qeyd etməliyəm ki, bu uğurlardan illərdir, pedaqoji fəaliyyətlə məşğul olduğun Naxçıvan Dövlət Universitetinə də pay düşüb. Uzun illərdir ki, bu cür peşəkar kollektivin arasında olduğum üçün Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişafa, qazandığı uğurlara yaxşı şahidəm. İstər dekan kimi fəaliyyət göstərdiyim Tarix-filologiya fakültəsi olsun, istərsə də digər korpuslarda tədris olunan fərqli ixtisas sahələrində kifayət qədər uğurlarımız mövcuddur. Məlumat üçün bir neçəsini qeyd etməli olsaq, demək istərdim ki, yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə-Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Turizm Assosiasiyası, Tələbə İnformasiya Mərkəzi, Tələbə Teatr və Opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirmələrinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır. Bununla yanaşı, müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin bu ali təhsil ocağına cəlb olunmasında başlıca amildir. Son illərdə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım dinamikasının müşahidə olunması Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada artmaqda olduğunu bir daha təsdiq edir. Təbii ki, bu reallığın arxasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun davamlı diqqət və qayğısı dayanmaqdadır.
Son olaraq qeyd edim ki, göründüyü kimi, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol müstəqil Azərbaycan dövlətində ali təhsilin inkişaf etdirilməsi sahəsində dahi Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsinin mühüm nəticələrindən biridir. Kollektiv bundan sonra da bu ideyaların işığında inkişafı və müasirləşməni fəaliyyətinin əsas meyarı hesab edəcəkdir.
Tarix üzrə fəlsəfə doktoru, ali təhsil ocağının müəllimi Arzu Abdullayev söhbət zamanı bildirdi ki, ulu öndərin milli ideologiyasının əsasında dayanan dövlət gənclər siyasəti əsrlərboyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər yeni nəsil yetişir. Bununla yanaşı, qüdrətli lider cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıblar.
Qeyd etmək istərdim ki, milli-mənəvi dəyərlərin yaşadılması, inkişaf etdirilməsi, təbliği, ən əsası isə ümummilli ideyaların əsas götürülməsi böyük tarixə və dərin köklərə malik olan muxtar respublikamızda da daim diqqət mərkəzində saxlanılmış, gənclik bu ruhda tərbiyə olunmuşdur. Bütün bunları bu gün Naxçıvan Dövlət Universitetində elmə, təhsilə, gəncliyə göstərilən yüksək qayğının real təzahüründə görmək mümkündür.
Muxtar respublika rəhbərinin universitetə və onun çoxminli gənclərinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində qədim diyarımızın əsas elm, təhsil, ictimai fikir və mədəniyyət mərkəzlərindən olan Naxçıvan Dövlət Universiteti ölkəmizin ali məktəbləri sistemində yüksək nüfuzu, ən qabaqcıl ali məktəblərindən biri kimi səciyyələndirilir. Təsadüfi deyildir ki, göstərilən yüksək dövlət qayğısının timsalında Naxçıvan Dövlət Universiteti bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutaraq klassik universitetlərlə müqayisə olunmuş, regionun elm və təhsil mərkəzlərindən biri kimi tanınmışdır.
Son illər yüksək dövlət qayğısından bəhrələnən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev də ali təhsil ocağının qarşısındakı hədəfləri daha dəqiq müəyyənləşdirərək istər təhsil, istər elmi araşdırmalar, istərsə də yaradıcı ideyalar sahəsində formalaşan potensialı düzgün istiqamətləndirir. Beynəlxalq layihələr, texnopark, ikili diplom, xarici dildə ixtisasların açılması, keyfiyyətyönümlü tədris, elektron jurnal, yeni-yeni laboratoriya, kabinələrin açılması, imtahanlarda maksimum şəffaflıq kimi uğurlara universitet rektorunun dövlət siyasətini məqsədyönlü şəkildə, əzmkarcasına icrası sayəsində nail olunmuşdur.
Son olaraq bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, universitetin ötən illər ərzində inkişafı istiqamətində görülən işlərin nəticəsində, ümumilikdə, 405 mindən çox izləyicisi olan, Qafqazın ən böyük təhsil səhifəsi olan, Azərbaycan Teleqram seqmentində təhsil kateqoriyası üzrə lider olan “Azərbaycan Universitetləri” səhifəsinin keçirdiyi “2021-ci ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunun qalibi məhz Naxçıvan Dövlət Universitetinin rektoru olmuşdur.
Ali təhsil ocağının Jurnalistika ixtisasının tələbəsi Qılman Zamanbəyov deyir: – Artıq Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının III kursunda təhsil alıram. Qürur hissi ilə deyə bilərəm ki, bu gün istər muxtar respublikamızın, istərsə də ölkəmizin bütün sahələrində gənc kadrların inkişafı diqqətdə saxlanılır. Bunu təhsil aldığım Naxçıvan Dövlət Universitetinin timsalında görmək isə ayrıca bir qürurdur. Burada hər bir sahədə olduğu kimi, Jurnalistika ixtisasının tələbələri üçün də geniş təhsil şəraiti yaradılıb. Bütün bunlar isə bizə nəzəriyyədə əldə etdiyimiz biliklərin praktik cəhətdən tətbiqinə geniş imkanlar yaradır. Əminəm ki, gələcək fəaliyyətimdə də doğma universitetimdə öyrəndiyim bilikləri uğurla tətbiq edəcəyəm.
Digər müsahibimiz qardaş Türkiyə Respublikasının Bursa şəhərindən olan Əsra Akkoyunludur: – Naxçıvanda təhsil almağın çox böyük imkanları var. Ən əsası isə bizə bu geniş imkanları muxtar respublikamızın rəhbəri, Naxçıvan Dövlət Universitetinin peşəkar professor-müəllim kollektivi yaradır. Oxuduğum müddətdə mənimlə xoş ünsiyyətdə olan müəllimlər və səmimi dostlar əldə etdim. Nə zaman müəllimlərimə hansısa məsələ ilə bağlı müraciət etmişəmsə, qısa zamanda cavab almışam. Dilimizin, kökümüzün, adət-ənənələrimizin, tariximizin bir olması imkan verir ki, bir-birimizi daha yaxşı başa düşək. Buraya daha yaxından bələd olduqca görürəm ki, Naxçıvan, həqiqətən də, ən qədim Oğuz-türk yurdudur. Bu torpağın hər qarışında əcdadlarımızın yaratdığı böyük mədəniyyətin, qədim tarixin izləri var. Bununla yanaşı, mən və bir neçə tələbə yoldaşım birlikdə müasir şəraitli tələbə yataqxanasında qalırıq və bu da bizim üçün hər cəhətdən rahat və sərfəlidir. Təhsilin səviyyəsi yüksəkdir. Tədrisdə ən müasir texnologiyalar tətbiq olunur. Naxçıvanda insanlar arasındakı mehribançılıq, qonaqpərvərlik məni buraya daha çox bağlayır. Hara gedirəmsə, insanlardan həmişə isti münasibət görürəm. Pandemiyanın yaratdığı müəyyən çətinliklərin aradan qaldırılması məqsədilə, milli və dini bayramlarda muxtar respublika rəhbərinin xüsusi qayğısının şahidi olmuşam. Bu bizim doğmalarımızda da təhsil aldığımız məkan haqqında müsbət rəy, əminlik yaradır. Buranın təmiz, abad, səliqəli və təhlükəsiz yer olması bütün xarici tələbələrin ürəyincədir. Tərəddüd etmədən günün istənilən saatında şəhərə çıxmaq imkanımız var. Universitetin kitabxanasından, elektron oxu zalından mütəmadi istifadə edirəm.
Beləcə, bir tələbə-jurnalist kimi özümə mənəvi borc bilərək qələmə aldığım bu yazımda hər birimizə doğma olan, neçə-neçə ziyalıları ölkəmizdə və muxtar respublikamızda, habelə ölkə hüdudlarından kənarda da savadlı, potensial bir kadr kimi yetişdirən və tanıdan doğma Naxçıvan Dövlət Universiteti haqqında məlumat verərək son illərdə əldə etdiyi uğurlara birgə şahid olduq. Müsahiblərimizin maraqlı söhbətlərindən gəldiyimiz qənaət budur ki, ali təhsil ocağının qazandığı uğurların hər biri gələcək fəaliyyət istiqamətlərinin, inkişafın və tərəqqinin ən gözəl təminatçısıdır. Ümid edirik ki, peşəkar kollektiv yaxın gələcəkdə yeni-yeni uğurlara imza atacaq.
Məcid RƏŞADƏTOĞLU