Kamil insan olmağın, öz zehnini, təfəkkürünü üstün səviyyəyə gətirməyin, müasir cəmiyyətdə qüsursuz formalaşmanın mükəmməl yolu yalnız mütaliədir. Kitablar həmişə olduğu kimi, bilikli və mədəni insanın həyatının ayrılmaz hissəsinə – ən yaxın dostuna, etibarlı sirdaşına çevrilib. Əsrlərboyu insanlar bir-birindən zahiri gözəlliklərinə görə deyil, qazandıqları bilik bacarıqlarına, yüksək mənəviyyatlarına görə dəyərləndiriliblər. Fiziki keyfiyyət anadangəlmə olsa da, insanlar daxili zənginliyi, elmi-mədəni dəyərləri normal biliyin əsas xəzinəsi olan kitablardan qazanıblar.
Yaradıcı fəaliyyət göstərən, elmli, mütaliəyə üstünlük verən insanların sayı çox olduqca, cəmiyyət daha da inkişaf etmiş olur və bu da cəmiyyətin maariflənməsinə, müasirləşməsinə, inkişafına birbaşa təsir edir. Hər bir insan mütaliə etdikcə qazandığı biliklərdən lazımi vaxtda, tələb olunan yerdə cəmiyyətə faydalı olmaqda istifadə edərsə, zaman keçdikcə müasir cəmiyyətin formalaşmasının şahidi olar, öyrəndiklərindən mənəvi qazanc götürərək cəmiyyətin fərqli fərdinə çevrilər. Hərtərəfli inkişaf kitablarla davamlı ünsiyyət, mütaliənin daha çox insanı əhatə etməsi ilə mümkündür.
Sadə bir misal: Ailə də kiçik bir cəmiyyət modelidir. Əgər ailədə uşaq valideynlərini daim kitab oxuyarkən görərsə, uşağın kiçik yaşlarından onların əlində olan əşyaya marağını artıracaq, özünü dərk edərkən o da gələcəkdə mütləq kitaba, mütaliəyə meyilli olacaqdır. Kitaba, mütaliəyə maraq zəif olan bir ailədə, cəmiyyətdə heç bir inkişafdan, maariflənmədən danışmaq olmaz və bu da zamanla ailənin, cəmiyyətin zəifləməsi, geri qalması deməkdir.
Kitabları əldə etməyin yolu kitab mağazaları və kitabların əsas saxlandığı məkan olan kitabxanalarla sıx əlaqə olmalıdır. Mütaliənin təbliği-kitabxana fəaliyyətinin əsas iş prinsipidir. Mütaliə etmək üçün müasir kitabxanalar mövcuddur ki, orada kitabxanaçılar oxucu kütləsinin lazımi tələbatını ödəyir, kitab seçimində onlara bələdçilik edir. Bundan əlavə, mütaliənin faydalı olmasında kitab seçiminin düzgün aparılması önəmli rol oynayır. Bu isə peşəkar kitabxanaçıların məsləhəti, yönləndirməsi ilə daha səmərəli olur.
İlk dəfə oxuyanlar asan başa düşülən, sadə üslublu kitablara müraciət etməlidir. Bəzən insanlar qəliz, çətin olan ədəbiyyat seçdikdə tez yorulur, bu da onların mütaliəyə, kitaba həvəsini azaldır, hətta həyata baxışlarını mənfi istiqamətə doğru dəyişir və ya kiminsə məsləhət gördüyü kitabı oxuması tövsiyə edilir, marağı olmadan oxuyur, kitabdan faydalanmır. Nəticədə, mütaliədən uzaqlaşır. Heç bir kitab hamı üçün eyni ola bilməz. Bir müdrik kəlamda deyildiyi kimi: “Kitabları sevin, lakin hər əlinizə düşəni oxumayın. Sizin üçün gərəkli olanı mütaliəni edin!”
Əksər dahilər, dünya şöhrətli elm və mədəniyyət adamları çatdıqları yüksək səviyyəyə və mövqeyə görə kitablara, mütaliəyə borclu olduqlarını minnətdarlıqla ifadə ediblər. Onların qiymətli kəlamları zaman-zaman insanları geniş mütaliəyə çağırıb.
Ulu öndər Heydər Əliyev mütaliənin insanın bütöv şəxsiyyət kimi formalaşmasının əvəzsiz köməyini də vurğulayıb, bu sahədə kitabxanalardan mənəvi xəzinə, mənəviyyat ocağı kimi bəhs edir: “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.
Kitablar ilkin baza biliyinin mənbəyi, yaradıcısıdır. Mütaliəyə erkən yaşlarından başlamaq fərdin intellektual inkişafına, mədəni ünsiyyətinə, peşə seçiminə böyük təsir göstərir. Kitab bir insanın taleyinin müsbətə doğru dəyişməsi üçün lazım olan dəyərli vasitədir. Ali Məclis Sədrinin Sərəncamı ilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktubunda da kitaba olan məhəbbət, hörmət öz əksini tapmışdır: “Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin”. Kitab oxumaq insanda özünəinamı artırır, söz ehtiyatı çoxalır, səlis nitq qabiliyyəti formalaşır, onu hazırcavab edir, bir sözlə, cəmiyyət üçün mükəmməl, təkmilləşmiş şəxsiyyətə çevirir. Özü də hiss etmədən mənəvi varlığa qovuşur. Mütaliə, kitablar – uğurlu həyat yolunun, biliklərin, mənəvi sərvətin zənginliyinə yol açır. Necə deyərlər, az pulla böyük sərvət əldə etmək istəyirsənsə, kitab al!
Kitab az pulla gələcəyə qoyulan, itirilməyən yüksək sərmayədir. Frensis Bekonun fikrincə, “Kitablar zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”.
Başqa bir nöqtədən baxsaq, belə kitabların insan həyatında aparıcı rol olduğunu bir daha sübut edərik. Belə ki, Bernar Verberin fikrincə, insanlar iki kateqoriyaya bölünür: “Kitab oxuyanlar, kitab oxuyanlara qulaq asanlar”.
Deyə bilərik ki, mütaliəsi olan insanlar təfəkkürün dərinləşməsi ilə daha dərin düşünmə xüsusiyyətinə sahib olurlar ki, bu da onlara rastlaşdıqları çətinlikləri dəf etməkdə, ətrafdakılarla düzgün ünsiyyət qurmaqda kömək edir. Belə insanlar cəmiyyətdə özlərinə nisbətən zəifləri öz təmiz qüsursuz nitqləri, dolğun fikirləri ilə tez təsir altına salır. Diskussiya zamanı əlbəttə ki, öz fikrini tam şəkildə ifadə edən insanlar həmişə müzakirə ortamını peşəkarcasına ələ ala bilirlər.
Kitab oxumaq həyatdan uzaqlaşmaq deyil, həyatı daha dərindən başa düşmək, sevmək, ondan qazanc götürmək üçündür. Müasir dövrümüzdə mövcud dünyadan uzaqlaşaraq, xəyali dünyalarında asudə vaxtlarını internet klublarda, kompüter arxasında, əyləncə mərkəzlərində keçirən gənclər, itirilən bu vaxtlarını səmərəli keçirərək, gündə bir saatlarını kitab oxumağa ayırsalar, real həyata baxışlarının dəyişdiyini, düşüncə tərzinin daim artdığının şahidi olarlar.
Kitab oxumağı özlərində vərdiş halına salan insanlara vaxt lazım olmur, onlar əlverişli olan hər vəziyyətdə fürsət tapıb oxuyurlar. Mütaliə edərkən vaxtlarının necə keçdiyini belə, hiss etmirlər. Vaxtı dayandırmaq üçün sehrli çubuq lazım deyil, sakit məkan, maraqlı kitab və çay götür.
İnsanın ağlı, zəkası, savadı, müzakirə, mübahisə zamanı öz fikirlərini dolğun şəkildə izahını təhlil etməsi, mənəvi inkişafında faydalı olan kitablara, mütaliəyə üstünlük verməsi onun cəmiyyətdə layiqli yer tutmasına gətirib çıxarır ki, bu da hər zaman bir pillə öndə olmaq, fərqlənmək deməkdir.
2017-ci il avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalanması ilə muxtar respublikamızda intellektual gələcəyimizin daha mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addım atıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən alqışlarla qarşılandı. Ötən dövr ərzində həmin siyahıda yer alan 30 kitaba artan kütləvi maraq həmin kitabların gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynadığnı, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirdiyini, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hissləri aşıladığını bir daha təsdiq etdi.
Kitabların ucaltdığı insanları bir daha dinləyək və onlara inanaq: “Kitabları, mütaliəni sevin! Onlar sizin həyatınıza bələdçilik edən, səssiz, dilsiz həyat müəllimlərinizdir”.
Günay ƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının
baş kitabxanaçısı