Dünən АMEА Nаxçıvаn Bölməsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr оlunmuş iclas keçirilmişdir. İclası giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq “Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları, AMEA Naxçıvan Bölməsinin 2012-ci il üçün elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublika rəhbərinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan AMEA Naxçıvan Bölməsi 2012-ci il ərzində Naxçıvanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, dialekt və şivələrinin, yeraltı və yerüstü təbii sərvətlərinin əhatəli şəkildə öyrənilməsi, qrant layihələrinin icrası, eyni zamanda kadr potensialının artırılması, struktur bölmələrin formalaşdırılması yönündə elmi və elmi-təşkilati işlərin uğurlu həllinə çalışmışdır.
Bildirilmişdir ki, 2012-ci ildə AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində aparılan elmi-tədqiqat işləri 21 şöbə və 8 labоratоriyada 2 nəfər akademik, 4 nəfər AMEA-nın müxbir üzvü, 6 nəfər elmlər dоktоru, 53 nəfər fəlsəfə dоktоru, 4 nəfər dissertant оlmaqla, 91 nəfər elmi işçi və köməkçi heyət tərəfindən həyata keçirilmişdir.
Bölmənin institutlarında aparılmış elmi tədqiqatların nəticələrinin qənaətbəxş olduğunu vurğulayan İsmayıl Hacıyev ötən il bölmə əməkdaşları tərəfindən 10 kitab, 15 monoqrafiya, 4 metodik vəsait, 613 məqalə, 16 tezis və 13 buklet olmaqla, 671 elmi əsərin nəşr edildiyini bildirmişdir.
Natiq həmçinin 2012-ci ildə bölmənin Elmi Kitabxanasına 1278 ədəd çap məh-sulu daxil olduğunu qeyd edərək bildirmişdir ki, fonda daxil olan yeni kitabların 287 ədədi Azərbaycan, 48 ədədi rus, 14 ədədi Qərbi Avropa dillərində, 20 ədədi isə Şərq dillərindədir. Bundan başqa, ötən il fonda 17 dissertasiya və 703 avtoreferat daxil olmuşdur. Hazırda kitabxanada, ümumilikdə, 55 min 147 ədəd çap məhsulu vardır. Bundan başqa, 2012-ci ildə bölmənin Əlyazmalar Fоndunun zənginləşdirilməsi məqsədilə bir sıra işlər görülmüş, fonda 8 adda əlyazma və qədim kitablar gətirilmiş, ilkin tədqiqat mərhələsi başa çatdırılmışdır. Toplanılan əlyazmaların və qədim kitabların ümumi sayının 451-ə çatdırıldığı fondda 30 adda əlyazma tam şəkildə kataloqlaşdırılmışdır.
Ötən il AMEA Naxçıvan Bölməsində 1 beynəlxalq simpozium, 15 konfrans, 11 iclas və 35 seminar keçirilmiş, bölmənin 33 əməkdaşı müxtəlif şəhərlərdə 30 beynəlxalq qurultay, simpozium və konfranslarda məruzələrlə çıxış etmişlər.
Sonra AMEA Naxçıvan Bölməsinin Biоresurslar İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Tariyel Talıbоvun, Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunun direktоru, professor Hacıfəxrəddin Səfərlinin çıxışları olmuşdur. Çıxışlarda 2012-ci ildə buraxılan nöqsanlar təhlil olunmuş, yaranan prоblemlərin aradan qaldırılması yоlları müzakirə edilmişdir.
İclasa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Xəbərlər şöbəsi