Naxçıvan Müəllimlər İnstitutunda dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və Naxçıvan Müəllimlər İnstitutu qarşısında duran vəzifələrə həsr olunmuş institut Elmi Şurasının iclası keçirilmişdir. İclasda ali təhsil ocağının rektoru, professor Oruc Həsənli məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən il institutdan 1 nəfər elmlər doktoru, 4 nəfər isə fəlsəfə doktoru dissertasiyaları müdafiə etmişlər. 2012-ci ildə institutda 2 beynəlxalq əhəmiyyətli konfrans keçirilmiş, əməkdaşlar tərəfindən 14 kitab və monoqrafiya, 16 metodik vəsait, 171 məqalə çap olunmuşdur.
Qeyd edilmişdir ki, 2012-ci ildə institut Azərbaycan ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirmiş, qardaş Türkiyənin Qafqaz Universiteti və Şimali Kipr Türk Respublikasının Şərqi Ağdəniz Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə əlaqələr qurmuşdur.
“İstər tədrisin keyfiyyəti, istərsə də kadr hazırlığı baxımından institutun uğurları göstərilən dövlət qayğısı sayəsində ildən-ilə artır”, – deyən rektor 2013-cü ildə də bu uğurların davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Sonra tədris işləri üzrə prorektor, professor Akif İmanlının, tərbiyə işləri üzrə prorektor, professor Sədaqət Həsənovanın, Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyevin, Xarici əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlının məruzə ətrafında çıxışları olmuşdur.
Xəbərlər şöbəsi