15 Yanvar 2025, Çərşənbə

Müasir Azərbaycan ədəbi dili zəngin lüğət tərkibinə malik, inkişaf etmiş dillərdən biridir. Bu dilin lüğət tərkibinin böyük bir qatını onomastik leksika – xüsusi adlar silsiləsi təşkil edir. Onomastik leksika mənsub olduğu xalqın tarixini, milli yaddaşını, adət-ənənəsini əks etdirən əvəzsiz söz sərvətidir. Bu sərvətin öyrənilməsinə ötən əsrin 50-ci illərindən başlanılmış, dissertasiyalar müdafiə edilmiş, elmi əsərlər yazılmışdır. Lakin bu tədqiqatlar birtərəfli aparılmış, xüsusi adlarımızın linqvistik cəhətdən tədqiqinə meyil təsadüfi xarakter daşımışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin bu sahəsinin regionlar üzrə müqayisəli şəkildə araşdırılmasına önəm verilmiş, aparılmış araşdırma və kameral təhlillər ictimaiyyətə çatdırılmışdır.

Bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Adil Bağırovun “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Onomologiya problemləri (II cild)” adlı monoqrafiyası dilçiliyin bu sahəsinə həsr olunmuş sanballı tədqiqat əsəridir. AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevin elmi redaktəsi, akademik İsmayıl Hacıyevin və AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin rəyləri ilə elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunan “Onomologiya problemləri” monoqrafiyasının II cildi yeddi bölmədən ibarətdir. Bu monoqrafiya bütün bölmələri əhatə edən və Azərbaycan dilçiliyi tarixində onomologiya elminin problemlərinə həsr olunmuş ilk əsərdir. Əsərin ən əsas məziyyətlərindən biri araşdırmaların, kameral təhlillərin və edilən müqayisələrin Naxçıvan Muxtar Respublikasının materialları əsasında aparılması, onomologiyanın elmi-nəzəri və praktik istiqamətdə öyrənilməsidir. İki cilddən ibarət olan tədqiqat əsərinin birinci cildi 2010-cu ildə nəşr olunmuşdur.

Monoqrafiyanın birinci cildində onomologiyanın 3 bölməsinə – antroponimiya (şəxs adları), etnonimiya (tayfa, qəbilə, etnos adları) və toponimiya (yer-yurd adları) bölmələrinə aid müxtəlif elmi mənbə, arxiv materialları, tarixi qaynaqlardakı onomastik vahidlərin dil əlamətləri özünəməxsus şəkildə araşdırılmış, tariximiz və dilimizlə bağlı xüsusi adların mənşəyinə aydınlıq gətirilmiş, onların milli yaddaşımızın, mənəvi dəyərlərimizin formalaşmasındakı rolu yüksək qiymətləndirilmişdir. Kitabın ikinci cildində isə birinci cildin davamı olaraq hidronim (çay, göl, bulaq, kəhriz, arx, kanal, su anbarı adları), zoonim (heyvan, quş adları), fitonim (bitki və ağac adları), kosmonim (göy cismləri adları) və ktematonimlərin (əsərlərin, xüsusi əşya və predmetlərin, nəşriyyat və qəzetlərin, mahnı və muğamların, kinofilmlərin, tele­viziya verilişlərinin, idarə və təşkilatların, məscid, hamam, bazar, karvansara, restoran, şadlıq evləri, mağaza, idman müəssisələri və sairlərin adları) dilçilikdəki yeri və mövqeyi aydınlaşdırılmış, onların əmələgəlmə və yaranma prinsipləri yeni yanaşma üsulu ilə tədqiq olunmuşdur. Monoqrafiyanın “Ktematonimiya” adlanan IX bölməsi dilçiliyimizdə ilk dəfə olaraq əhatəli şəkildə və Naxçıvan materialları əsasında tədqiq edilmişdir.

“Bədii ədəbiyyatda Naxçıvan toponimləri” adlanan və ikinci cilddə yer alan IV bölmədə “Dədə Qorqudun kitabı”nda (Əyrək yer adı), bayatılarda (Naxçıvan materialları əsasında), “Molla Nəsrəddin” jurnalında (Naxçıvanla bağlı onomastik vahidlərin üslubi imkanları), C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərində, İ.Səfərli və Məmməd Araz yaradıcılığında işlənən yer-yurd, şəxs, tayfa, bulaq, çay adlarının linqvistik və etnonimik təhlili xüsusilə diqqətçəkicidir.
Müəllifin də qeyd etdiyi kimi, indiyə qədər Naxçıvan Muxtar Respublikası ərazisindəki onomastik vahidlərin öyrənilməsi istiqamətində xeyli işlər görülmüş, tədqiqatçı alimlərimizdən S.Babayev, A.Bağırov, F.Rzayev, Q.Hacıyeva və başqaları onomologiyanın bu və ya digər problemlərinə həsr olunmuş uğurlu tədqiqat əsərləri yazmış, məqalə, kitab, monoqrafiya və dərs vəsaitləri çap etdirmişlər. Lakin digər kateqoriyaların formalaşma yolları, struktur-semantik əlamətləri, mənşəyi, qrammatik quruluşu ilə bağlı kifayətləndirici söz deyilməmişdir. Müəllif bunları nəzərə alaraq muxtar respublika ərazisindəki onomastik vahidləri kompleks şəkildə tədqiq etməyi qarşıya məqsəd qoymuşdur. Hər iki cilddə A.Bağırov 1990-cı illərdən başlayaraq topladığı zəngin materialları, onomastik vahidləri növləri üzrə qruplaşdıraraq tarix-etimoloji və leksik-semantik planda təhlilə cəlb etmişdir.
Monoqrafiyada aparılan elmi təhlillər sübut edir ki, tarixi mənbə və qaynaqlarda günümüzədək varlığını qoruyub saxlayan onomastik vahidlər təsadüfən yaranmamışdır. Bütün adlar dilin daxili qanunauyğunluqları əsasında formalaşaraq vətəndaşlıq hüququ qazanmışdır. Onomastik sözlük yarandığı dövrün adət-ənənələrini, ictimai-siyasi aurasını, insanların məşğuliyyətini, düşüncə tərzini, mənsub olduğu xalqın mənşəyini və təşəkkül formasını göstərməklə yanaşı, həm də həmin dövrün dil-üslub xüsusiyyətlərini özündə ehtiva edir. Bu baxımdan xüsusi adlar tarixi keçmişlə bu günümüz arasında ilk olaraq mənəvi, sonra isə maddi körpü rolunu oynayır. Keçmişlə bu günümüz, həmçinin gələcək üçün körpü yaradan bu hikmət xəzinəsinin kompleks şəkildə öyrənilməsi dilin leksik sistemində xüsusi adların mövqeyi, fonetik, leksik-semantik və qrammatik xüsusiyyətlərinin öyrənilməsi, ərazinin arxeoloji tapıntıları, maddi və mənəvi mədəniyyəti, relyef quruluşu, flora və faunası haqqında təsəvvürü genişləndirir, ümumazərbaycan onomastik sisteminin elmi-nəzəri cəhətdən zənginləşməsi, inkişafı, tədqiqi, onomastik kateqoriyalar üzrə fondun yaradılması baxımından mühüm elmi əhəmiyyət kəsb edir.
Elmi-nəzəri cəhətdən yüksək səviyyədə yazılmış bu monoqrafiya hazırkı dövrdə olduqca aktualdır. Belə ki, işğalçı Ermənistanın Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı əsassız torpaq iddiaları, maddi və mənəvi mədəniyyətimizə (xüsusilə musiqimizə, yer-yurd adlarımıza, qədim abidələrimizə) “sahiblənmək” istədiyi bir vaxtda Naxçıvandakı onomastik vahidlərin araşdırılması daha da intensivləşməli, tariximiz, dilimiz, maddi və mənəvi mədəniyyətimiz geniş miqyasda öyrənilməli, bu qədim torpağın ermənilərlə heç bir əlaqəsi olmadığı tutarlı faktlarla əsaslandırılmalı və bu əsaslandırma təbliğ edilməlidir. Bu baxımdan sözügedən monoqrafiyanın dilçilik elmi ilə yanaşı, ümumazərbaycan, eləcə də Naxçıvan həqiqətlərinin üzə çıxarılmasında böyük rolu olacaqdır. Onomologiyanın bu vaxtadək diqqətdən kənarda qalmış zoonimiya, fitonimiya, kosmonimiya və ktematonimiya məsələləri ilk dəfə olaraq bu əsərdə tədqiqata cəlb edilmiş və xüsusi adların tarixi-etimoloji xüsusiyyətlərindən başqa, ictimai-siyasi xarakterləri də təhlil olunmuşdur. Bundan başqa, kitabda ilk dəfə olaraq fitonimlər (bitki, ağac, meyvə sortlarının adları) onomastik sistemə daxil edilir. Və bu daxiledilmə elmi-nəzəri əsaslarla özünü göstərir.
Monoqrafiyanın özünəxas xüsusiyyətlərindən biri də odur ki, müəllif bölmələr üzrə təhlil etdiyi xüsusi adların sonuncu – “Onomastik vahidlərin leksik-qrammatik xüsusiyyətləri” adlı bölmədə yaranma yollarını leksik, semantik, morfoloji və sintaktik üsullarla izah edir.
“Onomologiya problemləri” monoqrafiyasını Adil Bağırovun Azərbaycan onomologiya elminə verdiyi çox dəyərli töhfə kimi qiymətləndirmək olar.
Müəllifə gələcək elmi axtarışlarında uğurlar arzulayırıq.

Səyyar MƏMMƏDOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR