Naxçıvan Dövlət Universiteti tarixində ilk dəfə olaraq semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsinə başlanılmışdır. Bu istiqamətdə ciddi hazırlıq işləri aparılmış, elektron imtahan keçirilməsi üçün Memarlıq və mühəndislik fakültəsində Rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Qasımovun rəhbərliyi ilə bir sıra üstünlüklərə malik yeni kompyuter proqramı hazırlanmışdır. Naxçıvan Dövlət Universitetinin Tədris və Elektron təhsil şöbələrinin təşkilatçılığı ilə imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılaraq universitetin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Elektron imtahan qaydalarının mənimsənilməsi məqsədilə sınaq-test imtahanları keçirilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş imtahan auditoriyaları hazırlanmışdır.
İmtahandan öncə universitetin rektoru, akademik İsa Həbibbəyli bildirmişdir ki, semestr imtahanlarının elektron formada keçirilməsi təhsildə elektron vasitələrin, müasir informasiya texnologiyalarının tətbiqi, elektron təhsilin həyata keçirilməsi, dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra imtahana start verilmişdir. Rektorluq tərəfindən müəyyənləşdirilmiş universitetin Tədris şöbəsinin işçilərindən, gənc müəllimlərindən və magistrantlarından ibarət qeyri-ixtisas fənləri üzrə nəzarətçi heyətin və Elektron təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə tələbələr öz nəzəri biliklərini sınaqdan keçirmişlər.
Müəyyən olunmuş vaxt ərzində kompyuterin köməyi ilə 50 sualı cavablandırmalı olan hər bir tələbə imtahanı bitirdiyini təsdiqlədikdən 30 saniyə sonra imtahan nəticələri ilə bağlı məlumat əldə etmişdir.
İlk elektron imtahanlar başa çatdıqdan sonra imtahanların gedişi və yekunu müzakirə olunmuşdur. Rektor, akademik İsa Həbibbəyli bildirmişdir ki, imtahan nəticələrinin qənaətbəxş olması, ciddi texniki problemlərin olmaması, imtahan qaydalarına ciddi əməl edilməsi, tələbələrin müvəffəqiyyətli nəticələri ilk elektron imtahanların uğurla keçdiyini təsdiqləyir. Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov çıxış edərək operativlik, obyektivlik və şəffaflıq, mövzuların tam əhatəsi baxımından elektron imtahanın əhəmiyyətindən danışmışdır.
Tələbələr adından universitetin iqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Şəhla İsayeva, stomatologiya ixtisası üzrə I kurs tələbəsi Toğrul Abdulla, dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan nigeriyalı tələbə Josef Olubayo çıxış edərək elektron imtahanın ənənəvi imtahan üsullarından daha əlverişli və qiymətləndirmənin tam obyektiv olduğunu qeyd edərək minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, elektron test üsulu ilə imtahanların gələcəkdə bütün ixtisaslar üzrə tətbiqi nəzərdə tutulur.
Mehriban SULTAN