Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsindən aldığımız məlumata görə, dərslik və dərs vəsaitlərinin monitorinqi ilə bağlı ibtidai sinif müəllimlərinin elmi-metodik seminarlarının keçirilməsinə başlanılıb. İlk belə seminarda Naxçıvan şəhər məktəblərinin ibtidai sinif müəllimləri iştirak ediblər.
Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqini həyata keçirmək məqsədilə keçirilən seminarda müəllimlər sözügedən vəsaitlər barədə fikirlərini bildirib və təkliflərini veriblər.
Regional bölmədən onu da bildiriblər ki, komissiya tərəfindən gələn il ali, orta ixtisas məktəbləri və hərbi liseylərə qəbul imtahanları proqramlarının müzakirəsi və təkmilləşdirilməsi, 2012-ci ildə ali məktəblərə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının elmi-metodik təhlili ilə bağlı bir sıra tədbirlər də həyata keçiriləcək. Regional bölmə qəbul imtahanlarında abituriyentlərin fənlər üzrə cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahlı həllinə dair metodik tövsiyələrin hazırlanmasında, yenitipli test tapşırıqlarının tərtibi texnologiyası ilə bağlı müzakirələrin keçirilməsində də yaxından iştirak edəcək. Orta məktəb dərsliklərində səthi verilmiş və abituriyentlərin qəbul imtahanlarında zəif cavab verdikləri mövzuların müzakirəsi, xarici ölkələrin testologiya sahəsindəki təcrübələrinin öyrənilməsi ilə bağlı müzakirələrin aparılması da görülən işlər arasında olacaq.
Səbuhi HÜSEYNOV